Azərbaycan, Bakı, 20 iyul /Trend müxbir K.Zərbalıyeva/
Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətləri Heydər Əliyev Mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
Trend-ə daxil olan məlumatda bildirilir ki, 20 iyul 2012-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, H.Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında yanğın hadisəsinin baş verməsi haqqında məlumat daxil olub.
Dərhal hələlik səbəbi bəlli olmayan yanğın hadisəsinin qarşısının alınması məqsədi ilə Fövqalədə Hallar Nazirliyinin şəxsi heyəti və maşın, mexanizm, helikoptterləri cəlb edilməklə hadisənin qarşısı alınıb, yanğının genişlənməsinə və binanın içəri hissəsinə keçməsinə imkan verilməyib.
Heydər Əliyev Mərkəzinin tavanından başqa, binanın içərisinə, zallarına və digər yerlərinə heç bir zərər dəyməyib.
Eyni zamanda, yanğınsöndürənlərdən və binanın mühafizə işçilərindən xəsarət alan olmayıb.
Yanğının baş vermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarının pozulması) Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, istintaq-əməliyyat qrupunun tərkibinə Fövqəladə Hallar Nazirliyinin Yanğınların təhqiqatı və sınaq laboratoriyasının mütəxəssisləri, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və digər hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşları daxil edilib.
Yanğının baş vermə səbəbləri və araşdırmanın nəticələri haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.