...

Azərbaycanda bu gündən müəllimlərin işə qəbulu üçün imtahanların keçirilməsinə başlanılır

Cəmiyyət Materials 23 İyul 2012 08:00 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi bu gündən 2012/2013-cü tədris ili üçün orta məktəblər və peşə liseylərinə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün test imtahanlarının keçirilməsinə başlayır
Azərbaycanda bu gündən müəllimlərin işə qəbulu üçün imtahanların keçirilməsinə başlanılır

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi bu gündən 2012/2013-cü tədris ili üçün orta məktəblər və peşə liseylərinə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün test imtahanlarının keçirilməsinə başlayır.

Təhsil Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, imtahanların keçirilməsi avqust ayınadək davam edəcək. İmtahanda hər bir namizədə fərdi olaraq kompüterdə uyğun ixtisaslar üzrə ümumtəhsil məktəbləri üçün fənn proqramının məzmununa aid 25 test, təlim strategiyaları və məktəbdaxili qiymətləndirmə qaydalarına aid 5 test, məntiq və ümumi dünyagörüşünə aid 5 test olmaqla, cəmi 35 sual təqdim edilir. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt ayrılır. Zəruri ehtiyac yarandıqda, test suallarının sayı və imtahana ayrılan vaxt dəyişdirilə bilər.

İmtahanda hər bir düzgün cavab 1 balla qiymətləndirilir. İmtahan bitəndən dərhal sonra düzgün cavabların sayına uyğun bal kompüterin ekranında göstərilir. Test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha çoxuna düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün test tapşırıqlarının 60 faizinə, yəni 21 və daha çoxuna düzgün cavab keçid balı hesab olunur. Zərurət yaranarsa, boş qalan yerlərin sayından asılı olaraq keçid balı dəyişdirilə bilər. İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə həyata keçirilir. Nəticələr barədə məlumat hər bir namizədin "Şəxsi səhifə"sinə göndərilir.

Namizədlər "Şəxsi səhifə"yə daxil olmaqla müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin yekununa uyğun topladığı ümumi bal və müsabiqənin III mərhələsində iştirak barədə məlumat əldə edirlər.

Müsabiqənin nəticələrinə əsasən işə qəbul edilən müəllimlər müəyyənləşdirildikdən sonra onların siyahısı nazirliyin saytında yerləşdirilir. Nazirliyin məktubuna əsasən təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır və işə qəbul mövcud
qanunvericiliyə uyğun rəsmiləşdirilir. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə test imtahanları başa çatdıqdan sonra bir həftə ərzində baxılır.

Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda iştirak etməyənlər üçün təkrar imtahan təşkil edilmir.

Xəbər lenti

Xəbər lenti