Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir M.Əliyev/
ABŞ və Avropa mütəxəssisləri Bakıda seysmiklik, zəlzələlərin proqnozu və seysmik tikinti dayanıqlığını müzakirə edəcəklər. Bu barədə bazar ertəsi Trend-ə Geologiya İnstitutundan məlumat veriblər.
"Seysmiklik, zəlzələlərin proqnozu, seysmik tikinti dayanıqlığı" mövzusunda V Beynəlxalq konfrans bu il 7-12 oktyabr tarixində Bakıda Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən keçiriləcək.
Azərbaycanda Şamaxı zəlzələsindən sonra başlanmış instrumental seysmik müşahidələrin 110 illiyinə həsr olunan tədbirdə ABŞ, Avropa və MDB daxil olmaqla ümumən 20-dən çox ölkənin mütəxəssisləri iştirak edəcək.
Qeyd edək ki, 1902-ci ildə Şamaxı zəlzələsindən sonra Azərbaycanda ilk dəfə Şamaxıda, bir az sonra Bakının neft mədənləri yaxınlığında - Balaxanıda Nobel qardaşlarının təşəbbüsü ilə 3 seysmik stansiya qurulub.