...

Türkiyədə Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş Forum keçiriləcək

Cəmiyyət Materials 3 Avqust 2012 11:07 (UTC +04:00)
Avqustun 5-də Türkiyə Cümhuriyyətinin Bodrum şəhərində “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda Forum öz işinə başlayacaq.
Türkiyədə Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş Forum keçiriləcək

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Avqustun 5-də Türkiyə Cümhuriyyətinin Bodrum şəhərində "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda Forum öz işinə başlayacaq.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Forumun işində Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri, millət vəkilləri, dünyanın müxtəlif ölkələrində yaşayan 200-dək soydaşımızın iştirakı nəzərdə tutulub.

Forum çərçivəsində keçiriləcək görüşlərdə və müxtəlif panellər üzrə müzakirələrdə Rusiyada, Türkiyədə, Ukraynada, Gürcüstanda, ABŞ-da və digər ölkələrdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyası problemləri, bu ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılacaq, konkret təkliflər irəli sürüləcək.

Forum çərçivəsində həmçinin "Azərbaycan diasporu: ensiklopedik məlumat" toplusunun, "Dünya Azərbaycanlılarının III Qurultayı" kitab-diskinin təqdimatı, Azərbaycan incəsənət ustalarının çıxışı planlaşdırılıb. Forum öz işini avqustun 7-də toplantının yekun sənədlərinin müzakirəsi ilə başa çatdıracaq.

Xəbər lenti

Xəbər lenti