...

Xaricdə təhsil alan azərbaycanlı tələbələrin xərclərinin maliyyələşdirilməsində yenilik tətbiq ediləcək

Cəmiyyət Materials 16 Avqust 2012 12:14 (UTC +04:00)
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrin təhsili ilə bağlı xərclərinin maliyyələşdirilməsi bu il tezləşdiriləcək.
Xaricdə təhsil alan azərbaycanlı tələbələrin xərclərinin  maliyyələşdirilməsində yenilik tətbiq ediləcək

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir İ.İsabalayeva/

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrin təhsili ilə bağlı xərclərinin maliyyələşdirilməsi bu il tezləşdiriləcək. Bunu cümə axşamı Trend-ə Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva deyib.

Onun sözlərinə görə, ötən il tələbələrin xərclərinin maliyyələşdirilməsində gecikmələr çox olmuşdu. Amma bu il ötən ilki kimi gecikmələr olmayacaq.

Maliyyələşdirmənin tezləşdirilməsi Dövlət Neft Fondu ilə TN-nın xaricdə təhsil alanlarla bağlı ümumi bazanın yaradılması imkan verəcək. Bazada xaricdə təhsil alan tələbələrin siyahısı, onların müvafiq göstəriciləri olacaq.

Əliyeva deyib ki, xaricdə təhsillə bağlı sənədləşdirmə işlərini TN, maliyyələşdirməni isə DNF aparır. Buna görə də xaricdə təhsil alanlarla bağlı sənədlər indiyədək DNF-ya primitiv, yəni kağız formasında təqdim edilirdi. İndi isə ümumi baza olduğundan bu iş asanlaşıb, məlumatların ötürülməsi üçün kağızdan istifadə edilməyəcək. Buna görə də tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi bu il tezləşdiriləcək.

"Bu il bazanın yaradılmasının birinci il olduğu üçün mən maliyyələşdirmənin bir gün də olsa, gecikməyəcəyini deyə bilmərəm. Yəqin ki, təzə tətbiq olunduğuna görə onun da müəyyən çatışmazlığı olacaq. Amma hər halda bu il ötən ilki kimi gecikmələr olmayacaq",- şöbə müdiri qeyd edib.

Qeyd edək ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil haqqı, yaşayış (yataqxana və ya ev kirayəsi), digər yaşayış xərcləri, viza, qəbul edən ölkədə qeydiyyat, zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, Azərbaycandan yaşayış yerindən tədris yerinə və geriyə gediş-gəliş xərcləri dövlət tərəfindən ödənilir. Təhsil xərclərinin maliyyələşdirilməsi üçün DNF TN-nin məlumatları əsasında onun hesabına vəsait köçürür.

Xəbər lenti

Xəbər lenti