...

Azərbaycanda övladlığa uşaq götürmək arzusunda olanların sayı açıqlanıb

Cəmiyyət Materials 12 Sentyabr 2012 10:50 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi övladlığa uşaq götürmək arzusunda olanların sayını və uşağın övladlığa verilmə prosesinin detallarını açıqlayıb.
Azərbaycanda övladlığa uşaq götürmək arzusunda olanların sayı açıqlanıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi övladlığa uşaq götürmək arzusunda olanların sayını və uşağın övladlığa verilmə prosesinin detallarını açıqlayıb.

Təhsil Nazirliyinin (TN) De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva Trend-ə deyib ki, Azərbaycanda hazırda övladlığa uşaq götürmək arzusunda olan və bunun üçün TN-in qeydiyyatında olan vətəndaşların sayı 254 nəfərdir. Həmin vətəndaşların əksəriyyəti övladlığa əsasən 5 yaşadək olan uşaqları götürmək istəyirlər.

Hacıyeva bildirib ki, 2010-cu ilin yanvar ayında övladlığa uşaq götürmək arzusunda olan vətəndaşların və övladlığa verilməsi mümkün olan uşaqların mərkəzləşdirilmiş qeydiyyatı üzrə siyahı dəqiqləşdirilib. TN-də onların məlumat bazası yaradılıb.

2010-cu ildən etibarən TN-in övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 12-17 yaş arası 25 uşaq övladlığa verilib, 7 uşağın övladlığa verilməsi ilə bağlı işlərə isə hazırda rayon məhkəmələrində baxılır.

İdarə rəisi qeyd edib ki, Azərbaycanda övladlığa uşaq götürülməsi Ailə Məcəlləsinin 117-135-ci maddələri və Nazirlər Kabinetinin təsdiqlədiyi "Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların və uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot qaydaları" əsasında tənzimlənir.

Hacıyevanın sözlərinə görə, övladlığa uşaq götürmək istəyən Azərbaycan vətəndaşı ilkin qeydiyyata alınmaq üçün müvafiq sənədləri toplayaraq yerli rayon İcra Hakimiyyətinin (İH) Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edib qeydiyyata götürülür. Yerli icra hakimiyyətləri tərəfindən qeydiyyata alındıqdan sonra övladlığa 3-18 yaş arası uşaq götürmək istədiyi təqdirdə vətəndaşa məxsus sənədlər Təhsil Nazirliyinə göndərilir. Üç gün sonra həmin şəxs qeydiyyata salınır. Vətəndaş uşaqların siyahısı ilə tanış olmaq məqsədilə TN-ə dəvət olunur. Əgər övladlığa uşaq götürmək arzusunda olan şəxs uşaqla tanış olursa və həmin uşağı övladlığa götürməklə bağlı qəti qərara gəlirsə, müəssisənin rəhbəri tərəfindən uşağın sənədləri hazırlanaraq məhkəməyə təqdim olunur. Vətəndaş isə öz sənədləri ilə rayon məhkəməsinə müraciət edir.

Övladlığa uşaq götürmüş ailələrə nəzarət mexanizminin olub-olmadığına gəldikdə, Hacıyeva deyib ki, uşaqlar öz ailələrinə qaytarılmazdan və ya yeni ailəyə verilməzdən əvvəl icra hakimiyyətləri nəzdində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və TN-in əməkdaşları tərəfindən ailələrin mənzil şəraitinə baxış keçirilir, ailənin gəliri araşdırılır. Eyni zamanda, TN tərəfindən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarla birlikdə övladlığa, himayəyə və öz bioloji ailələrinə verilmiş uşaqların ailədəki vəziyyətinə nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması da həyata keçirilir.

Prosedurun sadələşdirilməsi ilə bağlı Təhsil Nazirliyinin rəsmi internet səhifəsindəki elektron xidmətlər bölümündə uşaqların övladlığa verilməsi proseduru barədə məlumat, övladlığa uşaq götürmək üçün tələb olunan sənədlər, övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısı və bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarları yerləşdirilib. Övladlığa uşaq götürmək istəyən vətəndaşlar qeyd olunan bölümdə təqdim olunan sənədlərlə tanış olmaqla ümumi prosedur barədə məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti