...

Çinin dövlət qulluğu məsələləri üzrə qurumunun nümayəndələri Azərbaycanda səfərdədir (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2012 12:03 (UTC +04:00)
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komissiyanın dəvəti ilə Çin Xalq Respublikasının insan resursları və sosial müdafiə nazirinin müavini Yan Şitzunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 26-dan Azərbaycanda səfərdədir.
Çinin dövlət qulluğu məsələləri üzrə qurumunun nümayəndələri Azərbaycanda səfərdədir (FOTO)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Çinin dövlət qulluğu məsələləri ilə əlaqədar qurumunun nümayəndələri Azərbaycanda səfərdədir.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komissiyanın dəvəti ilə Çin Xalq Respublikasının insan resursları və sosial müdafiə nazirinin müavini Yan Şitzunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 26-dan Azərbaycanda səfərdədir.

Səfərin məqsədi Azərbaycan dövlət qulluğu sistemi və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti ilə yaxından tanış olmaq, habelə dövlət qulluğuna qəbul sahəsində Azərbaycan təcrübəsini öyrənməkdən ibarətdir.

Qonaqlar Fəxri xiyabanda olub, ümummilli lider Heydər Əliyevin məzarı önünə çiçəklər qoyublar.

Çin Xalq Respublikasının dövlət qulluqçuları Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını da ziyarət ediblər.

Çinin nümayəndə heyətinin rəhbəri ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun görüşü keçirilib.

Xəlilov iki ölkə arasında olan əlaqələrin yüksək səviyyədə olduğunu, Çinin bütün mötəbər tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xüsusi vurğulayıb və qeyd edib ki, bu faktorlar Azərbaycan xalqında Çin xalqına qarşı böyük hörmət yaradıb.

Komissiyanın beynəlxalq əlaqələrində Çin Xalq Respublikasının İnsan Resursları və Sosial Müdafiə Nazirliyinin qabaqcıl yerlərdən birini tutduğunu bildirən Xəlilov, komissiya sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfərinin və çinli dövlət qulluqçularının Azərbaycana səfərinin bu əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb.

Təcrübə mübadiləsi məqsədilə təşkil edilən qarşılıqlı səfərlərin əhəmiyyətini bildirən sədr dövlət qulluğuna müsabiqə vasitəsilə qəbulun ilk dəfə məhz Çində həyata keçirildiyini qeyd edib. Xəlilov Çin Xalq Respublikasının İnsan Resursları və Sosial Müdafiə Nazirliyinin nümayəndələrini "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi" mövzusunda bu ilin oktyabrın 10-12-si Bakıda keçiriləcək beynəlxalq konfransa dəvət edib.

Yan Şitzu qeyd edib ki, iki qurum arasında sıx münasibətlərin yaranması Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfərinin nəticəsidir. Bakıya gəlməyindən məmnun olduğunu bildirən qonaq Azərbaycanın dövlət qulluğu sistemindən öyrəniləsi məsələlərin, xüsusən də dövlət qulluğuna qəbul sahəsində təcrübənin öyrənilməsinin önəmini vurğulayıb.

Nümayəndə heyəti Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında olub, akademiyanın rektoru, akademik Urxan Ələkbərovla görüşüblər.

Səfər bu gün başa çatır.

Xəbər lenti

Xəbər lenti