Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanında yayılmış krona virusu ilə əlaqədar Azərbaycandan bu ölkəyə Həcc ziyarətinə gedəcək şəxslərin sağlamlıqlarının qorunması üçün əlavə tədbirlərin görülüb-görülməyəcəyinə aydınlıq gətirib.
Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, hələlik bu xəstəliklə əlaqədar Səudiyyə Ərəbistanı hökuməti Azərbaycana heç bir məlumat verməyib. Buna görə də ziyarətə gedəcək şəxslərin sağlamlıq baxımından təhlükəsizliyi üçün əlavə tədbirlər görülməyəcək və onların səfərləri ilə bağlı hər hansı dəyişiklik olmayacaq.
"Əgər Səudiyyə Ərəbistanında hər hansı xəstəlik varsa, onlar bu barədə bizə məlumat verirlər. Tələb edirlər ki, ziyarətçilər buna qarşı vaksinasiya olunsun və ya digər lazımi tədbirlər görülsün. Amma hələ ki, bizə bununla bağlı heç bir məlumat daxil olmayıb", - Payızov əlavə edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi ölkədə bu virusla əlaqədar təhlükəli vəziyyətin olmadığını bildirsə də, artıq rəsmi olaraq 3 nəfərin bu xəstəlikdən dünyasını dəyişdiyi açıqlanıb.