...

Prokuror Sumqayıtın sabiq hərbi komissarına 12 il iş istəyib

Cəmiyyət Materials 2 Oktyabr 2012 16:24 (UTC +04:00)
Sumqayıtın sabiq hərbi komissarına və komissarlığın digər vəzifəli şəxslərinə prokuror iş istəyib.
Prokuror Sumqayıtın sabiq hərbi komissarına 12 il iş istəyib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıtın sabiq hərbi komissarına və komissarlığın digər vəzifəli şəxslərinə prokuror iş istəyib.

Bakı Hərbi Məhkəməsindən Trend-ə verilən məlumata görə, bu gün hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı (prokuror) çıxış edib.

Dövlət ittihamçısı sabiq hərbi komissar, polkovnik-leytenant Samir Məmmədovun 12, komissarlığın 2-ci bölməsinin rəisi, polkovnik-leytenant Fəxrəddin Əliyevin 6, hərbi həkim komissiyasının sədri Mirnazir Muxtarov və 2-ci bölmənin rəis köməkçisi vəzifəsini müvəqqəti icra etmiş Azər Xalıqovun hər birinin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxslərin vəkilləri çıxışa hazır olmadıqları üçün proses oktyabrın 16-dək təxirə salınıb.

Sabiq hərbi komissar, 2-ci bölmənin rəisi və həkim komissiyasının sədri Cinayət Məcəlləsinin rüşvət alma (311.3.1, 311.3.2, 311.3.3-cü), vəzifə saxtakarlığı (313-cü), hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (341.2.1-ci) maddələri ilə ittiham olunurlar və onlar ötən il həbs olunublar.

İttiham aktına görə, hərbi komissar işlədiyi müddətdə rüşvət alaraq bir qrup çağırışçıya hərbi xidmətə çağırışdan möhlət verilməsi və TQDK-ya təqdim etmək barədə arayış verib, bəzi çağırışçıların hərbi xidmətə yararsız hesab edilməsi, hərbi xidmətə yararsız olan çağırışçıların hərbi xidmətə göndərilməsi barədə qanunsuz qərarlar qəbul edib.

Xalıqov isə rüşvətalma cinayətində ittiham olunur.

Xəbər lenti

Xəbər lenti