...

Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2012 12:16 (UTC +04:00)
Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.
Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.

Trend-in məlumatına görə, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri çərşənbə günü II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.

Tədbirdə ombudsman Elmira Süleymanova da iştirak edib.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva Aida İmanquliyevanın XX əsr Azərbaycan elminin ən görkəmli nümayəndələrindən biri olduğunu qeyd edib.

Baxşəliyeva bildirib ki, Aida xanım çox böyük elm və yaradıcılıq yolu keçib, Azərbaycan Milli Elmlər Akademiyasında kiçik elmi işçidən institutun direktoru vəzifəsinədək yüksəlib. Bu illər ərzində Aida İmanquliyeva Azərbaycan elminin inkişafında çox böyük xidmətlər göstərib.

Millət vəkilinin sözlərinə görə, Aida İmanquliyeva ədəbiyyatların sintezi, onların bir-birinə qarşılıqlı təsirini öyrənən çox az sayda mütəxəssislərdən biri olub.

"Aida xanım konkret olaraq, mühacirətdə yaranmış ərəb ədəbiyyatına rus, Qərbi Avropa və Amerika ədəbiyyatlarının təsirini öyrənirdi. Aydındır ki, belə mövzunu öyrəndikdə ərəb dilini və ədəbiyyatını mükəmməl bilmək lazım idi, eyni zamanda rus dili, rus ədəbiyyatı, rus mədəniyyətini yüksək səviyyədə bilmək tələb olunurdu. Bununla yanaşı, ədəbiyyatların qarşılıqlı təsirini öyrənmək üçün Qərbi Avropa, Amerika ədəbiyyatı və ingilis dilini çox gözəl bilmək lazım idi. Bunu da Aidə xanım çox böyük məharətlə bacarırdı. O, çox nadir mütəxəssis idi", - Baxşəliyeva əlavə edib.

O qeyd edib ki, Aida İmanqiliyevanın tədqiqatları metodologiyası ilə də fərqlənirdi. Sovet dövründə elmi metodologiya marksist, leninizm metodologiyasına əsaslansa da, Aidə xanımın metodologiyası ümumbəşəri dəyərlərə söykənirdi.

"Aida İmanqiliyeva elmi tədqiqatları sayəsində öz dövrünü bir neçə il qabaqlayaraq belə nəticəyə gəldi ki, Şərqlə Qərbin əməkdaşlığı ümumbəşəri dəyər zəminində tamamilə mümkündür. Bu təsir nəticəsində yeni-yeni ecazkar sənət nümunələri yaratmaq olar", - institut direktoru deyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək böyük alimin keçdiyi həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən danışıb.

O qeyd edib ki, Aida xanım Azərbaycan elmi üçün çox sayda ziyalılar yetişdirib. Aida xanımın yetişdirdiyi ziyalıların da Azərbaycan elminin inkişafı üçün çox vacib olduğunu nəzərə çatdıran Hüseynovanın sözlərinə görə, bu görkəmli şəxsiyyət hələ sovet dövründə beynəlxalq konfranslarda çıxış edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı. Hüseynova Aida İmanquliyevanı Azərbaycan qadınlarının simvolu hesab etdiyini bildirib.

Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və ilk azərbaycanlı ərəbşünas qadın, elmlər doktoru Aida İmanquliyeva özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açıb.

Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçilikdən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti rəyasət heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida İmanquliyeva Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri olub.

İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb.

Üç monoqrafiya ("Mixail Nuaymə və "Qələmlər birliyi", Moskva,1975; "Cübran Xəlil Cübran", Bakı, 1975; "Yeni ərəb ədəbiyyatının korifeyləri", Bakı, 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti