...

Prezident Administrasiyası: "Diffamasiya haqqında" qanun müzakirəyə çıxarılmalı və Azərbaycan cəmiyyətində onun qəbuluna baxılmalıdır

Cəmiyyət Materials 22 Oktyabr 2012 17:14 (UTC +04:00)
Azərbaycan rəhbərliyi siyasi iradəsini ortaya qoyub ki, "Diffamasiya haqqında" qanun cəmiyyətdə müzakirəyə çıxarılsın və yavaş-yavaş Azərbaycan cəmiyyətində onun qəbuluna baxılsın.
Prezident Administrasiyası: "Diffamasiya haqqında" qanun müzakirəyə çıxarılmalı və Azərbaycan cəmiyyətində onun qəbuluna baxılmalıdır

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan rəhbərliyi siyasi iradəsini ortaya qoyub ki, "Diffamasiya haqqında" qanun cəmiyyətdə müzakirəyə çıxarılsın və yavaş-yavaş Azərbaycan cəmiyyətində onun qəbuluna baxılsın. Bunu Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun fikrincə, Azərbaycan cəmiyyəti uzun müddət bu qanunun qəbuluna hazırlaşmalıdır.

PA rəsmisinin sözlərinə görə, dünyanın heç bir ölkəsinin jurnalistləri bu məsuliyyəti tamamilə öz çiyinlərinə götürməyə hazır deyil.

"Azərbaycan da həmin ölkələrdən biridir və Azərbaycan jurnalistikası da bu qanunun qəbul olunmasına hazır deyil. Son zamanlar ayrı-ayrı media orqanlarında, xüsusilə də reketlik istiqamətində bəzi halların müşahidə olunması, mətbuat orqanlarında ayrı-ayrı dövlət və qeyri-dövlət nümayəndələrinin təhqir olunması, onlarla bağlı müxtəlif informasiyaların yayılması, qəzetlərin sensasiya vasitəsilə öz tirajlarını çoxaltmağa çalışması kimi meyillər onu göstərir ki, "Diffamasiya haqqında" qanun qəbul olunsa belə, Azərbaycan jurnalistləri müəyyən problemlərlə rastlaşacaq və uzun müddət məhkəmələrdə çəkişəcəklər", - o bildirib.

Həsənov qeyd edib ki, "Diffamasiya haqqında" qanun bir dövlətin siyasi rəhbərliyinin iradəsidir.

"Azərbaycanın siyasi rəhbərliyi o iradədədir ki, biz jurnalistlərimizi öz məsuliyyətlərinin, öz jurnalist etikalarının, öz əxlaq kodekslərinin ixtiyarına buraxmalıyıq ki, jurnalistlər özləri cəmiyyətdə nəyin yaxşı, nəyin pis olduğunu yavaş-yavaş öz praktikalarında müəyyən etsinlər", - PA rəsmisi bildirib.

Şöbə müdirinin sözlərinə görə, Azərbaycan cəmiyyətini jurnalistlərlə münasibətin, jurnalistləri isə cəmiyyətlə münasibətin yeni modellərini seçməyə hazırlamaq lazımdır.

O qeyd edib ki, hələ Azərbaycanda jurnalist peşəkarlığı aşağıdır, peşəkar jurnalistlər azlıq təşkil edir, mətbuat orqanlarında isə jurnalistikadan uzaq olan həddən artıq insan fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti