Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir M. Əliyev/
İqtisadi İnkişaf Nazirliyi soyuducu anbarların səmərəli işlədilməsinə nəzarət etməlidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovaya müraciət edərək bildirib.
"Bir çox kəndlərdə meyvə-tərəvəz satışa çıxarıla bilmədiyindən mal-qaranın yemi kimi istifadə olunur. Halbuki son dövrlər xeyli soyuducu anbarlar quraşdırılıb", - Əsədov deyib.
Spiker vurğulayıb ki, İqtisadi İnkişaf Nazirliyi soyuducu anbarların istifadəsi ilə bağlı yerlərdə seminarlar keçirməlidir, həmin obyektlər əhali tərəfindən daha düzgün istifadə olunmalıdır.
Əsədov çıxışında qeyd edib ki, büdcə müzakirəsi başa çatdıqdan sonra Milli Məclisin növbəti iclası 30 noyabr tarixində keçiriləcək.