Azərbaycanda tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ilə bağlı qanunvericilik təkmilləşdirilir

Cəmiyyət Materials 16 Noyabr 2012 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlanır.

Etibarlı mənbədən Trend-ə verilən məlumata görə, 2010-2011-ci illər ərzində məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ilə bağlı məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində bu sahədə ciddi pozuntular aşkar edilib.

Həmin pozuntuların aradan qaldırılması məqsədilə Ali Məhkəmənin Plenumu Cinayət və Cinayət-Prosessual Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsini qərara alıb.

Təkliflərdən biri tibbi xarakterli məcburi tədbir olan ambulator müalicənin ləğv olunması ilə bağlıdır. Ambulator müalicənin tam və ya bəzi kateqoriyalı işlərdə ləğv olunması məsələsi ilə bağlı hələlik yekun qərar qəbul olunmayıb və bu məsələ işçi qrupunda müzakirə olunacaq.

Digər bir təklif isə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin həkim-psixiator komissiyasının rəyi əsasında deyil, ekspertiza rəyi əsasında dəyişdirilməsi ilə bağlıdır. Təklifdə qeyd olunur ki, tibbi xarakterli məcburi tədbirlər daha yüngülü ilə əvəzləndikdə şəxsin sağlamlıq durumu komissiyalar tərəfindən deyil, ekspertiza tərəfindən müəyyən edilsin və rəy verilsin.

Xatırladaq ki, ümumiləşdirmə zamanı məlum olub ki, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, həmin tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ləğv edilməsi həkim-psixiator komissiyalarının rəyi əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, bu kimi işlər üzrə rəylər buna səlahiyyəti olmayan həkim-məsləhət komissiyası tərəfindən verilib. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, həmin tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi işlərinə baxılarkən həkim-psixiator komissiyasının rəyinin işin faktiki hallarına və xəstənin sağlamlıq durumuna uyğunluğu məhkəmələr tərəfindən düzgün qiymətləndirilməyib. Məhkəmələrin qəbul etdiyi qanunsuz qərarlar əsasında şəxsin ambulator müalicəyə və psixiator müalicəsinə keçirilməsi onun faktiki azadlığa buraxılması ilə nəticələnir. Bu da sonradan həmin şəxsin təkrar ağır cinayət əməlləri törətməsi ilə nəticələnir.

Hazırda bu və ya digər təkliflər yaradılmış işçi qrup tərəfindən müzakirə edilir. Müzakirələrin sonunda təkliflər konkretləşdirilərək Milli Məclisə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti