...

Qafqaz Müsəlmanları İdarəsində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Cəmiyyət Materials 12 Dekabr 2012 15:16 (UTC +04:00)
Trend-in məlumatına görə, tədbirin açılışında Şeyxülislam Hacı Allahşükür Paşazadə qeyd edib ki, azərbaycanda dindarlar, müsəlmanlar azadlığı, əqidə azadlığını Heydər Əliyev hakimiyyətə gəldikdən sonra hiss etməyə başladı.
Qafqaz Müsəlmanları İdarəsində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirin açılışında Şeyxülislam Hacı Allahşükür Paşazadə qeyd edib ki, azərbaycanda dindarlar, müsəlmanlar azadlığı, əqidə azadlığını Heydər Əliyev hakimiyyətə gəldikdən sonra hiss etməyə başladı.

O qeyd edib ki, məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan bir dövlət kimi qalıb-qalmamaq qorxusundan qurtuldu.

"Heydər Əliyev öz gəlişi ilə bütün Azərbaycana bir həyat verdi. O, Sovet kimi Allahsız bir rejimdə rəhbərlik etdiyi dövrdə qəlbində imanı saxlamışdı", - o deyib.

Paşazadə qeyd edib ki, ümummilli lider dəfələrlə İslam dininin qorunmasının vacibliyini vurğulayıb.

"Heydər Əliyev vətənini, millətini sevən şəxsiyyət idi. Və bu gün də Azərbaycanda Heydər Əliyev ideyaları davam edir", - o deyib.

QMİ sədri tədbir zamanı Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Anım tədbirində Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katibi Əli Əhmədov bildirib ki, Heydər Əliyevin mənəviyyatımızın əsası olan İslam dəyərlərinə saf münasibəti var idi. O bildirib ki, Heydər Əliyevin atdığı bütün addımlar milli mənəviyatımızın inkişafına xidmət edib. "Ulu öndər Heydər Əliyev cəmiyyətin birləşdirilməsinə, saflaşmasına böyük önəm verirdi. Bu mənada Heydər Əliyev mənəviyyatın inkişafına xüsusi yer verirdi", - Əhmədov deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Azərbaycanın dini icmaları Heydər Əliyev kimi böyük mənbədən bu gündə qaynaqlanırlar. "Xaos içində olan bir ölkədə heç bir mənəvi dəyərlərdən söhbət gedə bilməz. Heydər Əliyev müstəqil dövlətin qorunması, Azərbaycanın davamlı və dayanıqlı inkişaf yoluna çıxarılmasına səbəb olub", - İskəndərov deyib.

Komitə sədri qeyd edib ki, Heydər Əliyev gənclərin dini sərbəstlikdən istifadə edib Azərbaycan cəmiyyətinə zərbə vuracaq təxribatlardan mühafizə olunmasına çağırırdı.

Milli Məclisin deputatı Rəbiyyət Aslanova bildirib ki, Heydər Əliyevin ruhu daim Azərbaycan xalqının yanındadır. Onun adı tarixə qızıl hərflərlə yazılıb. Aslanova qeyd edib ki, Azərbaycan zəngin sərvətləri olan ölkədir. Ancaq onun əsas sərvəti insanlarıdır: "Azərbaycanın gələcəyi üçün çox işlər görən Heydər Əliyevin fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycanda din dövlətdən ayrıdır. Onun fəaliyyəti sayəsində dini mühitdə bu qədər işlər görülüb".

Tədbirdə iştirak edən digər millət vəkilləri, din xadimləri ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti