...

Bakıda uşaq bağçasında kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb

Cəmiyyət Materials 14 Dekabr 2012 14:37 (UTC +04:00)
Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi uşaq bağçasında kütləvi zəhərlənmə haqqında birgə rəsmi məlumat yayıb.
Bakıda uşaq bağçasında kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi uşaq bağçasında kütləvi zəhərlənmə haqqında birgə rəsmi məlumat yayıb.

Dekabrın 13-də saat 18:30 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən 138 saylı uşaq bağçasında qida məhsulundan kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, müəyyən edilib ki, qeyd edilən tarixdə nahardan sonra orada tərbiyə alan 230 uşaqdan 13-nün səhhəti pisləşdiyindən onlar Səhiyyə Nazirliyi 2 saylı Uşaq və 7 saylı Şəhər xəstəxanalarına "qida zəhərlənməsi" diaqnozu ilə yerləşdirilib. Hər iki xəstəxanada onlara müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisədən dərhal sonra rayon hüquq mühafizə orqanlarının əməkdaşları Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə hadisə yerində olub, uşaqların qəbul etdiyi qida məhsullarından təhqiqat üçün nümunələr götürülüb.

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar edilib.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti