Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir M.Əliyev/
Badamdarda sürüşmə baş verən ərazidə yaşayanlar müvəqqəti olaraq evlərindən çıxarılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Baş nazirin müavini Abid Şərifov bildirib.
Onun sözlərinə görə, bu gün bununla bağlı protokol imzalayıb.
"Bütün rəylər nəzərə alınaraq imzalanan sənədə görə, həmin evlərə suyun verilişi dayandırılacaq və orada yaşayanlar təxliyyə olunacaq ki, hər hansı qəza baş verən zaman xəsarət alan olmasın", - Şərifov deyib.
O qeyd edib ki, bütün mütəxəssislərin yekdil qənaətinə görə həmin ərazidə baş verən sürüşməyə kanalizasiya sistemi olmayan evlərdə quyuların qazılması və ora illər boyu suların yığılması səbəb olub.
"Yaxın 10-15 gün ərzində həmin suların qurudulması ilə bağlı layihə hazırlanıb təqdim olunacaq", - Şərifov deyib.
Baş nazirin müavini həmin ərazidə yaşayan insanlarla bağlı bildirib ki, orada 7 evdə ümumiyyətlə yaşayış yoxdur, digər ailələr isə evlərindən çıxarılacaq.