Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilən 101 dövlət orqanında 1241 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqədə 1774 nəfər müsabiqənin ilk mərhələsini uğurla başa vurub.
Komissiyadan Trend-ə verilən məlumata görə, ümumilikdə müsabiqədə 7593 namizəd qeydə alınıb, lakin namizədlərdən 2634 nəfəri test imtahanında iştirak etməyib.
Test imtahanının nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları Əmlak Məsələləri Dövlət Komitəsi (181 yerə qarşı test imtahanı mərhələsində iştirak edən 375 namizəddən 189-u test imtahanından uğurla keçib), Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (24 yerə qarşı iştirak edən 519 namizəddən 146-sı), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (76 yerə qarşı 415 namizəddən 135-i), İqtisadi İnkişaf Nazirliyi (20 yerə qarşı 432 namizəddən 130-u), Təhsil Nazirliyi (74 yerə qarşı 342 namizəddən 113-ü), Dövlət Sosial Müdafiə Fondu (112 yerə qarşı 255 namizəddən 98-i), Dövlət Statistika Komitəsi (101 yerə qarşı 202 namizəddən 81-i), Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidir (64 yerə qarşı 144 namizəddən 61-i).
Müsabiqənin müsahibə mərhələsi 2012-ci il dekabrın 3-də başlayıb. Bu günə kimi müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərdən 98 nəfəri vakant vəzifəyə uyğun hesab edilib.