...

Azərbaycanda apreldən bağça və məktəb bufetlərində uşaqlar yeni standartlarla qidalanacaqlar

Cəmiyyət Materials 14 Yanvar 2013 17:06 (UTC +04:00)
Azərbaycanda bu ilin mart, ən geci isə aprel ayından təlim-tərbiyə və təhsil müəssisələrində azyaşlı, şagird və tələbələrin sağlam, keyfiyyətli, təhlükəsiz qida ilə təmin edilməsi məqsədilə yeni standartların tətbiqi gözlənilir.
Azərbaycanda apreldən bağça və məktəb bufetlərində uşaqlar yeni standartlarla qidalanacaqlar

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bu ilin mart, ən geci isə aprel ayından təlim-tərbiyə və təhsil müəssisələrində azyaşlı, şagird və tələbələrin sağlam, keyfiyyətli, təhlükəsiz qida ilə təmin edilməsi məqsədilə yeni standartların tətbiqi gözlənilir. Bunu bazar ertəsi Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

Onun sözlərinə görə, artıq standart layihəsi hazırdır. Təkmil bir sənəd formasına gətirilən standart layihəsi təxminən 100 səhifədən ibarətdir. Layihə hazırlanarkən beynəlxalq standartların tələbləri və yerli qanunvericilik əsas götürülüb. Hazırda layihə komitədə ekspertizadan keçirilir.

Talıblı bildirib ki, layihənin yanvarın sonuna kimi komitə rəhbərinin əmri ilə təsdiqlənməsi nəzərdə tutulur. Yeni standartlar qüvvəyə mindikdən sonra SMPDK yanında Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti yerlərdə onlara hansı şəkildə riayət edilib-edilmədiyini araşdıracaq.

Komitə rəsmisinin sözlərinə görə, yeni standartlar qüvvəyə mindikdən sonra təlim-tərbiyə və təhsil müəssisələrinə 1, uzağı 2 ay vaxt veriləcək. Müəssisələr həmin müddətdə yeni standartlarla tanış olmalı və öz şəraitlərini həmin tələblərə uyğunlaşdırmalıdırlar.

Talıblı deyib ki, yeni standartlara kecməklə azyaşlıların, məktəlilərin və tələbələrin orqanizminin sağlamlığının qorunmasına yönələn, onların inkişafı üçün zəruri olan komponentlərlə zəngin qidalara üstünlük veriləcək. Bufetlərdə ekoloji baxımdan təmiz olan qidaların satılmasına və hazırlanmasına, keyfiyyətli xammaldan yeməklərin hazırlanmasına icazə veriləcək. Müəyyən zərərli qida qrupuna daxil olan və qatqılarla zəngin olan məhsulların tərbiyə, təhsil müəssisələrində satışına icazə verilməyəcək. Bunu təşkil edən firmalara da bu, tələb kimi qoyulacaq.

"Uşaqların belə məhsullara marağı ola bilər. Artıq firmalar "uşaqlar çipsiləri çox sevir" deyə, onun satışını təşkil edə bilməzlər. Ancaq uşaqların sağlamlığını fikirləşərək standartlarda tələblər qoyulacaq. Təbii ki, nəzarət tədbirləri də görüləcək", - Talıblı əlavə edib.

O qeyd edib ki, neqativ hal aşkarlanan firmalar cəzalandırılacaq. Çəzalandırma həmin firmaların məhsul satışına, istehsalına qadağa qoyulması ilə nəticələnəcək. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, onlara qarşı çərimələr tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti