...

Urmiya gölü quruyarsa, İranda toz və duz fırtınaları baş verəcək

Cəmiyyət Materials 19 Yanvar 2013 11:36 (UTC +04:00)
Urmiya gölü quruyarsa, İranın dörddə bir hissəsində toz və duz fırtınaları baş verəcək.
Urmiya gölü quruyarsa, İranda toz və duz fırtınaları baş verəcək

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir T.Cəfərov/

Urmiya gölü quruyarsa, İranın dörddə bir hissəsində toz və duz fırtınaları baş verəcək. Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Okeanoqrafiya Milli İnstitutunun prezidenti Vəhid Çegini deyib.

Onun sözlərinə görə, Urmiya gölünun quruması ilə İranın Mazandaran, Gilan, Zəncan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Tehran, Qəzvin və bəzi digər əyalətlərdə ekoloji fəlakət baş verəcək.

Çegini əlavə edib ki, quraqlıqlar Urmiya gölünün suyunun azalmasında böyük rol oynayıb.

"Hazırda İranın Ekologiya və Energetika nazirlikləri, ətraf əyalətlərin icra aparatları bu problemin həlli istiqamətində işlər görürlər. Ümid edirik ki, görüləcək işlər gölün qurumasının qarşısını alacaq",- Çegini deyib.

Rəsmi statistikalara əsasən, Urmiya gölünün suyunun 70 faizi artıq quruyub. Urmiya gölündə hazırda hər 1 litr suda 400 qram duz mövcuddur.

Urmiya gölünün sahəsi təxminən 6 min kvadrat kilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.

İran Urmiya gölündəki böhran vəziyyəti aradan qaldırmaq məqsədilə Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsi üzərində işləyir. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı.

BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardım edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti