...

Azərbaycan yol polisinin aqressiv sürücülərə müraciəti

Cəmiyyət Materials 6 Fevral 2013 15:27 (UTC +04:00)
Azərbaycanda sürücülərin avtomobili aqressiv idarə etməsi hallarının çoxalmasından narahat olan Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsi belə sürücüləri nizamlı olmağa çağırır. Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
Azərbaycan yol polisinin aqressiv sürücülərə müraciəti

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycanda sürücülərin avtomobili aqressiv idarə etməsi hallarının çoxalmasından narahat olan Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsi belə sürücüləri nizamlı olmağa çağırır. Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, Azərbaycanda sürücülərin nəqliyyat vasitələrini aqressiv idarə etməsi hallarının çoxalması narahatlıq doğurur.

"Əgər söhbət sürücü aqressiyasından gedirsə, Azərbaycanda bu hallar çoxdur. Çünki Azərbaycan sürücülərində belə bir fikir formalaşıb ki, məni ötmək olmaz və ya yaxud yolun solunu tutub getməli və heç kimə yol verməməliyəm. Kimin avtomobili böyükdürsə, onda belə bir fikir yaranıb ki, yol həmişə onundur. Belə düşüncələr və yalnış fikirlər qəzaların baş verməsinə gətirib çıxarır", - Əliyev qeyd edib.

Yol polisi rəsmisinin sözlərinə görə, sürücü başa düşməlidir ki, yolun sağ tərəfi boş olan vaxt solla getmək qadağandır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində, ümumilikdə qanunvericilikdə məsuliyyət nəzərdə tutulub.

"Bu məsələyə başqa tərəfdən yanaşmaq lazımdır. Əgər mənim təcili işim yoxdursa, heç yerə tələsmirəmsə, mənim sürücü borcumdur ki, arxadan yaxınlaşan nəqliyyat vasitələrinin rahat və fasiləsiz keçməsinə şərait yaradım və onların keçməsinə maneçilik törətməyim. Amma bu məsələdə aqressiya tam olaraq gətirib qəzaya gətirib çıxarır", - şöbə rəisi vurğulayıb.

Onun sözlərinə görə, elə adamlar var ki, təbiətən hər şeyə aqressiv yanaşır və onlar sükan arxasına əyləşəndə də öz aqressivliyini büruzə verir. Yolda cərəyan edən hadisələr, sürücü və ya piyadaların hərəkətləri onlara mənfi təsir edir və o, aqressivləşir.

Yol polisinin rəsmisi xatırladıb ki, Azərbaycan qanunvericiliyində avtoxuliqanlıqla bağlı maddə var. Bu məsələdə məsuliyyətin gücləndirilməsi ilə bağlı bu yaxınlarda qanunvericilikdə dəyişiklik olub və belə hallara görə tətbiq edilən cəzalar sərtləşdirilib. Dekabrın 1-dən bir çox maddələr üzrə yol hərəkəri qaydalarının əleyhinə olan inzibati xətalarda cərimə məbləğləri bir neçə maddə üzrə artırılıb.

"Əgər gələcəkdə ehtiyac olarsa, böyük ehtimalla qanunvericilikdə yenə dəyişiklik ola bilər. İstənilən halda zaman-zaman məsuliyyətin gücləndirilməsi bu növ qaydapozmaların və onlardan yaranan yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına həmişə müsbət təsir edir", - Əliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti