Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İzzət/
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Əfqanıstan İslam Respublikasında 2 günlük rəsmi səfərdə olub.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Əfqanıstanda olarkən DGK adından Əfqanıstan Gömrük Xidmətinə hədiyyə olaraq 12 ədəd kompüter dəsti, 100 ədəd ingilis və fransız dillərində çap edilən Kəmaləddin Heydərovun müəllifi olduğu "Azərbaycan gömrüyü sabit inkişaf yolunda", Hironori Asakuranın "Gömrük və tariflərin dünya tarixi" adlı kitabları və sair nəşrlər təqdim edilib.
Bundan əlavə, Azərbaycan nümayəndə heyəti Kabul Beynəlxalq Hava Limanında olarkən Azərbaycan Dövlət Gömrük Komitəsi adından Əfqanıstan Gömrük Xidmətinə iki ədəd informasiya köşkü hədiyyə edilib.
Azərbaycan gömrük xidməti tərəfindən, həmçinin narkotik maddələrin aşkarlanması üzrə təlim keçmiş iki ədəd kinoloji xidmət itləri Əfqanıstan Gömrük Xidmətinin xahişi ilə bu ölkənin hava limanında fəaliyyət göstərən polis orqanlarına hədiyyə edilib.