...

Qocalar evində Novruz şənliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Mart 2013 16:12 (UTC +04:00)
Martın 18-də xalqımızın əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh Müharibə və əmək əlilləri pansionatında bayram tədbiri keçirilib.
Qocalar evində Novruz şənliyi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Martın 18-də xalqımızın əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh Müharibə və əmək əlilləri pansionatında bayram tədbiri keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, burada dövlət himayəsində yaşayan ahıl və ağbirçək insanları bayram münasibətilə təbrik etmək üçün pansionata gələn əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov müəssisənin sakinləri ilə görüşərək onlara xoş arzularını çatdırıb. Novruz bayramının Azərbaycan xalqının ən qədim və sevimli bayramlarından biri olmaqla, xalqımızın milli-mənəvi dəyərlərini bütün dolğunluğu ilə özündə əks etdirdiyini qeyd edən nazir Fizuli Ələkbərov bildirib ki, Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən bu əziz bayramın yaşadılmasına hətta sovet dönəmində belə xüsusi diqqət və qayğı göstərilib.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu gün xalqımızın zəngin və qədim adət-ənənələrinə, milli-mənəvi dəyərlərimizə son dərəcə qayğı ilə yanaşır, milli birliyimizin rəmzinə çevrilmiş Novruz şənliklərinə qatılır. Azərbaycanın son illərdə ən müxtəlif sahələrdə nail olduğu misilsiz uğurlar bu bahar günlərində hər evə, hər ailəyə həqiqi bayram əhvalı bəxş edir. Bayram sevinclərini nazirlə bölüşən ahıl və ağbirçək insanlar onlara göstərilən dövlət qayğısından razılıqla söz açıblar. Bayram tədbiri musiqili-əyləncəli proqramla davam edib.

Məlumat üçün bildirək ki, Müharibə və Əmək Əlilləri üçün Pansionat qanunla onları saxlamağa borclu övladları olmayan pensiya yaşlı tənha vətəndaşların və əlillərin dövlət himayəsində yaşadığı ümumi tipli bir müəssisədir. 1988-ci ildə tikilmiş müəssisə 150 çarpayılıqdır. Dövlət himayəsinə alınmaqla pansionatda yaşamaq üçün növbədə olanların sayı isə bundan 2 dəfə çoxdur.

Azərbaycan Prezidentinin təsdiqlədiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasına töhfə olaraq, Müharibə və Əmək Əlilləri üçün Pansionatda əsaslı təmir və yenidənqurma işləri yerinə yetirilməklə, həmçinin pansionat üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunur. Cari ildə inşaat işləri başa çatacaq. Əsaslı təmir və yeni korpusun istifadəyə verilməsindən sonra pansionatda 350 nəfərə (o cümlədən yeni korpusda 170 nəfərə, hazırkıi korpusda 180 nəfərə) xidmət göstəriləcək. Yeni korpusda qabaqcıl beynəlxalq təcrübədən irəli gələn meyarlara uyğun olaraq, tənha ahıl və əlillərin daha keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilməsi, asudə vaxtlarının mənalı təşkili üçün müvafiq şərait, kitabxana və idman zalları, onların özünüməşğulluğu üçün emalatxanalar yaradılacaq. Binanın ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq.

Eyni zamanda, Ramana Gənc Əlillər Evində də əsaslı təmir və yenidənqurma işləri aparılmaqla burada yaşayan əlillərin peşə hazırlığının təşkili üçün də münasib şərait yaradılır. Bununla yanaşı, 1№-li Şamaxı İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evinin əsaslı təmiri və yeni korpusunun tikintisi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin, 8 №-li Göygöl İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evinin əsaslı təmir və yenidən qurulması işləri aparılacaq.

Sosial müdafiə əhəmiyyətli yeni obyektlər kimi, Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirilir. 2013-cü ildə həmin obyektlərin də istifadəyə verilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti