...

Azərbaycanın dövlət bayrağının standartları niyə pozulur?

Cəmiyyət Materials 8 Aprel 2013 11:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın dövlət rəmzi olan bayraqlarda dövlət standartlarının pozulması halları ilə bağlı əsas problemlər Çindən idxal olunan bayraqlarda müşahidə edilir. Bunu bazar ertəsi Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

Azərbaycanda dövlət bayrağı istehsal edən müəssisələrin az olduğuna təəssüflənən komitə rəsmisinin sözlərinə görə, Azərbaycan bayraqlarını ölkədə 2-3 müəssisə istehsal edir. Bu gün Azərbaycan dövlət bayraqları ilə əsasən, kütləvi şəkildə xaricdə istehsal olunan bayraqlar hesabına təmin edilir.

Bunu təqdir olunmayan hal sayan Talıblı Azərbaycanın dövlət bayrağının istehsalının daha cox ölkəmizdə həyata keçirilməsini istədiklərini söyləyib.

Komitə səlahiyyətlisinin sözlərinə görə, bayraqların standartları istehsal yerlərində pozulur.

O qeyd edib ki, ölkəmizdə bayraq istehsal edən müəssisələr az olsa da, onlar tərəfindən standartın tələblərinin pozulması hallarına rast gəlinmir.

"Bəzi hallarda xaricdə istehsal zamanı standartarın tələblərinə əməl edilmədiyinə görə bayraqların rəng çalarlarının müxtəlif çeşiddə olmasını gözlə belə görmək mümkündür. Bu, düzgün olmayan haldır. Hər halda, buna komitə tərəfindən cox ciddi reaksiya verilir və satış yerlərindən standartın tələblərinə uyğun olmayan bayraqların yığışdırılması ilə bağlı tapşırıqlar verilir. Bayraq dövlətin atributudur və hər birimiz üçün müqəddəsdir. Bayrağın nümunəvi etalona uyğun olması, həmcinin satışda satılan bayraqların keyfiyyətinin standartın tələblərinə uyğun olması vacibdir",-Talıblı əlavə edib.

O deyib ki, Azərbaycanın ilk milli standartı olan dövlət bayrağının standartlarının tələbləri məcburidir. Standartların texniki tələblərinə görə, dövlət bayrağı bu standartın tələblərinə, nümunə-etalona uyğun və müvafiq qaydada təsdiq edilmiş texnoloji rejim üzrə hazırlanmalıdır. Bayraq eni bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklində olmalıdır. Bayrağın üst zolağı mavi, orta zolağı qırmızı, aşağı zolağı yaşıl rəngdədir. Bayragın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var. Bayrağın eninin uzununa nisbəti l:2-dir. Ayparanın təsviri konsentrik, yəni eyni mərkəzli olmayan iki dairənin hissələri şəklindədir. Böyük dairənin diametri bayrağın eninin 0,286-na, kiçik dairənin diametri isə bayrağın eninin 0,22-nə bərabərdir.

Talıblı bildirib ki, dövlət bayrağının mavi rəngi "Pantone Color Formula Guide" rənglər katoloqunun BLUE -PANTONE 313C rənginə, qırmızı rəngi RED - 185 C rənginə, yaşıl rəngi - GREEN- 3405 C rənginə uyğun olmalıdır.

Açıq havada istifadə üçün dövlət bayraqlarının hazırlanması üçün parçalar seçilərkən sifarişçi və istehsalçı onların sürtünməyə davamlılığma, üzülməyə möhkəmliyinə yüksək tələblər qoymalıdırlar.

Komitə rəsmisinin sözlərinə görə, bayrağın parçalarının biçimi yüksək keyfiyyətli olmalıdır.

Aypara və səkkizguşəli ulduzun bayraqda təsviri müxtəlif çap, ipək qrafikası, tikiş və ya applikasiya üsulları ilə vurulur. İstifadə edilən hər bir çap növü bayrağın fonunun, aypara və səkkizguşəli ulduzun ləkəsiz, boşluqsuz, rəngin axmasına yol vermədən tam, dərin rənglənməsini təmin etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti