...

Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2013 17:40 (UTC +04:00)
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə Hindistanda səfərdədir və dünyada korrupsiyaya qarşı mübarizə aparan qurumları birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti kimi assosiasiyanın aprelin 8-10-da Nyu Dehlidə təşkil olunmuş İcraiyyə Komitəsinin iclasında iştirak edib.
Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir (FOTO)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə Hindistanda səfərdədir və dünyada korrupsiyaya qarşı mübarizə aparan qurumları birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti kimi assosiasiyanın aprelin 8-10-da Nyu Dehlidə təşkil olunmuş İcraiyyə Komitəsinin iclasında iştirak edib.

Trend Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, tədbiri Hindistan hökuməti adından dövlət naziri V.Narayanasami açıb, giriş sözü ilə IAACA-nın prezidenti - Çinin baş prokuroru Çao Cianminq çıxış edib.

İclasda korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın və bu sosial bəla ilə qlobal səviyyədə mübarizənin gücləndirilməsi, antikorrupsiya orqanları fəaliyyətinin daha mükəmməl əlaqələndirilməsi üçün təsirli mexanizmlərin tətbiqi, bu sahədə çevikliyin təmin olunması və digər aktual məsələlər müzakirə olunub, assosiasiyanın fəaliyyətinin səmərəliliyinin artırılması üzrə tədbirlərə, o cümlədən ölkəmizin ekspertlərinin iştirakı ilə hazırlanmış IAACA-nın Strateji Proqramına baxılıb. IAACA-nın vitse-prezidenti kimi Azərbaycanın ədliyyə naziri mühüm təşkilati məsələlərə dair əsas məruzəçi qismində çıxış edərək konkret təkliflər irəli sürüb və müzakirələrin nəticəsi üzrə müvafiq qərarlar qəbul olunub.

Yığıncaq zamanı Hindistanın dövlət naziri V.Narayanasami, bu ölkənin əsas antikorrupsiya orqanı olan Mərkəzi Sayıqlıq Komissiyanın sədri P.Kumar, bir sıra digər dövlətlərin ədliyyə, prokurorluq və s. hüquq-mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlər keçirilib, ölkəmizdə həyata keçirilən qəti antikorrupsiya tədbirləri barədə məlumat verilib, əməkdaşlığa dair faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Çinin baş prokuroru, IAACA-nın prezidenti Ç.Cianminq ilə keçirilmiş görüşdə iki ölkə arasında əlaqələrin ardıcıl inkişafı, hüquqi əməkdaşlığın genişləndirilməsi vurğulanıb. Çinin baş prokuroru dövlətimizin korrupsiya ilə mübarizəyə, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığa verdiyi diqqəti yüksək qiymətləndirərək Azərbaycanın IAACA-nın inkişafına göstərdiyi dəstəyi və dəyərli töhfələrini xüsusi qeyd edib.

Həmçinin, Çinin baş prokurorunun yaxın günlərdə Azərbaycana ediləcək səfəri ilə bağlı məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti