Azərbaycan, Bakı, 12 may / Trend /
Mayın 10-da Nyu Yorkda Azərbaycan Respublikasının Ümummilli lideri, Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən elmi-praktik konfrans keçirilib.
Konfransda ölkəmizin Nyu Yorkdakı diaspora təşkilatlarının nümayəndələri, ABŞ-da yaşayan azərbaycanlılar, əcnəbi diplomatlar və digər xarici qonaqlar iştirak ediblər.
Konfransın açılış nitqində ölkəmizin BMT yanında Daimi Nümayəndəsi, səfir Aqşin Mehdiyev Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçiliyimizin qorunub saxlanılmasında əvəzsiz xidmətləri, müstəqil Azərbaycanın inkişafı istiqamətindəki fədakar və yorulmaz fəaliyyəti barədə məlumat verib.
Səfir, eyni zamanda, Heydər Əliyevin diaspora sahəsində fəaliyyətini xüsusilə vurğulayıb, onun Azərbaycan Prezidenti kimi rəsmi və işgüzar səfərləri çərçivəsində xaricdə yaşayan azərbaycanlılarla görüşdüyünü, onların fəaliyyətləri ilə tanış olduğunu, soydaşlarımızı Azərbaycanda investisiya layihələrində iştirak etməyə dəvət etdiyini və hərtərəfli diqqəti göstərdiyini bildirib.
Mehdiyev, həmçinin, Heydər Əliyevin diaspor quruculuğu sahəsində apardığı uzaqgörən siyasətinin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb.
Daha sonra, tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyatından və dövlətçilik fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Konfransın davamında, Azərbaycandan Bakı Dövlət Universitetinin professoru Məmmədov məruzə ilə çıxış edib. Bundan sonra, kürsüyə Nyu York şəhərində fəaliyyət göstərən Dağ Yəhudiləri cəmiyyətinin rəhbəri, Azərbaycanın Yazıçılar İttifaqının üzvü Şamayev Ümummilli Liderin xatirəsinə həsr olunmuş şerləri səsləndirib.
Konfransın sonunda, Daimi Nümayəndəlik tərəfindən qonaqlar üçün yubiley münasibətilə rəsmi ziyafət təşkil edilib, Heydər Əliyev haqqında dərc olunmuş kitablar təqdim olunub.