Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İsabalayeva/
Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 110 ünvanında fəaliyyət göstərən fiziki şəxs Yavuz Özgenin rəhbərlik etdiyi sexdə biskvitli-kremli tortların, şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisənin ümumi vəziyyəti qeyri-qənaətbəxşdir, məhsulların müvafiq keyfiyyətdə sabit istehsalı üçün sanitariya norma və qaydalara cavab verən şərait yoxdur, işçilər tərəfindən bu qaydalalara riayət edilmir.
Müəssisədə yoxlanılan biskvitli-kremli tortlar və şərq şirniyyatları AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur. Məhsulların təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik sertifikatlar mövcud deyil, məhsullar mövcud normativ sənədlərin tələblərinə zidd olaraq təsdiq olunmuş resepturalar və texnoloji təlimatlar olmadan, həmçinin markalanma aparılmadan istehsal olunur.