...

Azərbaycan təşkilatları Avropa Gənclər Fondu haqqında məlumatlandırılıb

Cəmiyyət Materials 14 May 2013 14:42 (UTC +04:00)
Daha sonra tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin Humanitar və Sosial Məsələləri üzrə İdarəsinin rəisi Marat Kəngərlinski qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və burada gənclər xüsusi fəallıq göstərirlər.
Azərbaycan təşkilatları Avropa Gənclər Fondu haqqında məlumatlandırılıb

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda "Avropa Şurasının Avropa Gənclər Fondu və fondun yeni fəaliyyət sistemi haqqında gənclər təşkilatlarının məlumatlandırılması" mövzusunda seminar keçirilib.

Trend-in məlumatına görə, seminarda Avropa Gənclər Fonduna müraciət qaydaları, fondun maliyyə dəstəyi göstərilən fəaliyyət istiqamətləri, qrant növləri, meyarlar və qurumun yeni prioritetləri haqqında məlumat xarakterli çıxışlar olub.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev keçirilən bu seminarların vacibliyini vurğulayaraq qeyd edib ki, burada əsas məqsəd gənclər təşkilatlarımız daha fəal şəkildə bu qurumla əməkdaşlıqlarını genişləndirmələri, layihələr təqdim etmələrindən ibarətdir.

Nazir müavini bildirib ki, Avropa Gənclər Fondu layihələrin qəbulu və qrantların verilməsində bir sıra dəyişikliklər həyata keçirir ki, Azərbaycan gənclər təşkilatlarının da bu yeniliklərdən məlumatlı olmaları zəruridir. Bu məlumatlandırıcı seminarlar Azərbaycan gənclər təşkilatlarının Avropa məkanında daha çevik fəaliyyətinə dəstək olur.

Daha sonra tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin Humanitar və Sosial Məsələləri üzrə İdarəsinin rəisi Marat Kəngərlinski qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və burada gənclər xüsusi fəallıq göstərirlər.

İdarə rəisi qeyd edib ki, Avropa təşkilatları ilə əlaqələrin inkişafında gənclərə böyük ümidlər bəslənilir: "İnanıram ki, onlar bundan sonra da həmin təşkilatların layihələrində aktiv iştirak edəcəklər".

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə Avropa gənclər təşkilatları haqqında məlumat verib. O, beynəlxalq qurumlarda Azərbaycanın gənclər təşkilatlarının daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. O, bu sahədə rəhbərlik etdiyi təşkilatın gənclərə lazımi dəstək verməyə hazır olduğunu qeyd edib.

Tədbirdə, həmçinin Gürcüstan, Moldova, Ukrayna, Polşa, Ruminya, İtalya, Xorvatiya, Albaniya və Macarstandan olan gənclərin iştirakı ilə fonda yeni layihələrin təqdim edilməsi üçün partnyorluq imkanlarının, könüllük sahəsində mübadilə layihələrinin, o cümlədən Avropa İttifaqının "Gənclər Fəaliyyətdə" proqramı çərçivəsində əməkdaşlıq imkanlarının müzakirə edilməsi üçün dəyirmi masa təşkil olunub.

Tədbirdə Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanan "Könüllü könüllülük" adlı kitabçanın da təqdimatı keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti