Gürcüstan, Tbilisi, 17 may /Trend, müxbir N.Kirsxaliya/
Bu gün Gürcüstanda cinsi azlıqlara dəstək məqsədilə keçirilən aksiyanın dağıdılması nəticəsində cinsi azlıqların 3 tərəfdarı və iki polis əməkdaşı xəsarət alıb. Trend-in məlumatına görə, insident Vaçnadze küçəsində baş verib.
Polis "Lezbiyan, gey, biseksual və transseksuallar" cəmiyyətinin tərəfdarlarını sarı avtobusda hadisə yerindən uzaqlaşdırarkən aksiya əleyhdarları onlara hücum ediblər. Hadisə yerinə təcili yardım briqadası çağırılıb.
Məlumata görə, iki polis əməkdaşı da xəsarət alıb. Daha bir nəfəri isə Barataşvili meydanında avtomobil vurub.
"Eynilik" qeyri-hökumət təşkilatı bu gün Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Gününü parlament qarşısındakı Rustaveli prospektində dinc aksiya ilə qeyd etməyə çalışıb.
Təşkilatın məlumatına görə, 2004-cü ildən etibarən dünyanın əksər ölkələrində ictimaiyyətin diqqətini homoseksual, biseksual və transseksualların hüquqlarının tapdalanması probleminə çəkmək üçün informasiya kampaniyası keçirilir.