...

Budapeştdə “Böyük İpək Yolu”nun gəncləri gələcək fəaliyyəti müzakirə ediblər

Cəmiyyət Materials 20 May 2013 10:50 (UTC +04:00)
Macarıstanın paytaxtı Budapeştdə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının növbəti iclası keçirilib.
Budapeştdə “Böyük İpək Yolu”nun gəncləri gələcək fəaliyyəti müzakirə ediblər

Azərbaycan, Bakı, 20 may / Trend, müxbir M.Əliyev/

Macarıstanın paytaxtı Budapeştdə "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, Gənclər İttifaqından bazar ertəsi bildirilib ki, 28 ölkədən gəlmiş nümayəndənin iştirak etdiyi iclasda "Böyük İpək Yolu" BGT-nin sədri, millət vəkili Fuad Muradov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycanın Macarıstanda fövqaladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Macarıstanın İnsan Resursları Nazirliyi Gənclərlə iş üzrə dövlət katibinin müavini Norbert Kiss və bu ölkənin gənclər təşkilatının liderləri iştirak ediblər.

Fuad Muradov iclasda deyib ki, təşkilatda bir araya gəlmiş gənclər coğrafi baxımdan tamam fərqli yerlərdə yaşasalar da, arzuları və baxışları eynidir:

"Bu dostluq, əməkdaşlıq və dinc dünya arzularıdır. Dini, dili fərqli olan gənclərin bir yerdə olmaları və əməkdaşlığı təmsil etdikləri dövlətlərin də bir-biri ilə dostluğu üçün mühüm stimul verir. Vaxtilə mühüm ticarət və mədəni münasibətlər qovşağı olan bu tarixi marşrut bu gün də özünün əhəmiyyətini saxlayır və ölkələr arasında dostluq və qardaşlıq mesajlarını çatdırmaqda vacib işi yerinə yetirir".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında təşkilatın fəaliyyətini dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, qurum gənclər arasında dialoqun qurulması baxımından əhəmiyətli iş görür. Babayev əməkdaşlıq imkanlarının yaxınlaşdırmaq üçün mütəmadi iclasların keçirilməsinin vacib olduğunu deyib.

Macarıstanın İnsan Resursları Nazirliyinin Gənclərlə iş üzrə dövlət katibinin müavini Norbert Kiss çıxışında qeyd edib ki, Macarıstan tarixi İpək yolu qovşağında olan ölkələrlə münasibətlərin dərinləşdirilməsində maraqlıdır. O vurğulayıb ki, ölkəsi bununla bağlı gənclər təşkilatına ən yüksək səviyyədə dəstək verməkdə hazırdır.

Üzvlər Şurasının iclasında 2013-cü il üçün fəaliyyət planı müzakirə olunub və görülən işlər barədə hesabat verilib. İclasda gündəlik təsdiq olunduqdan sonra ötən iclasdan sonra görülən işlərlə bağlı hesabat verilib. Daha sonra təşkilat üzvləri tərəfindən 2014-cü il üçün Fəaliyyət planı müzakirəyə çıxarılıb və qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti