Azərbaycan, Bakı, 21 may /Trend, müxbir A. Tağıyeva/
Azərbaycan və Türkiyə təhsil sahəsində əməkdaşlığı genişləndirəcəklər.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Türkiyə Ali Təhsil Şurasının rəhbəri Gökhan Çetinsaya bu gün Bakıda iki ölkə arasında bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Görüşdə hər iki tərəf üçün maraq doğuran, xüsusilə tələbə və proqramların mübadiləsi sahəsində ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə görüşdən sonra Mikayıl Cabbarov deyib.
Çetinsaya bildirib: "Azərbaycanda türkiyəli, Türkiyədə isə azərbaycanlı tələbələr təhsil alırlar. Bu baxımdan ölkələrimiz üçün vacib əhəmiyyətli olan tələbələrin mübadiləsi məsələsini müzakirə etdik".
Görüş Bakıda keçirilən Qafqaz Universitetləri Birliyinin III konqresi çərçivəsində baş tutub.