Azərbaycan, Bakı, 21 may /Trend /
Uruqvay parlamentinin sədri Herman Kardosonun başçılıq etdiyi nümayəndə heyəti mayın 21-də Heydər Əliyev Mərkəzində olub. Qonaqlar Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olub, konfrans və sərgi zallarına baxıblar. Məlumatı Heydər Əliyev Mərkəzi yayıb.
Uruqvay parlamentinin sədrinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən muzey barəsində məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Muzeyi "Şəkillərə həkk olunan ömür", "Azərbaycanın ictimai-siyasi həyatı", "Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz" bölmələrindən ibarətdir və burada ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti müxtəlif video və foto slaydlar vasitəsi ilə interaktiv formada təqdim edilir.
Muzeyin iki paralel konsepsiyası qonaqlarda maraq doğurub. Belə ki, burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə baş verən önəmli hadisələr təqdim edilir.
Uruqvay parlamentinin sədri daha sonra Heydər Əliyev Mərkəzindəki "Azərbaycan inciləri" sərgisi ilə tanış olub. Azərbaycanın qədim tarixini özündə əks etdirən qayaüstü rəsmlər, xalçaçılıq və misgərlik sənəti, Azərbaycan ərazisində müxtəlif arxeoloji qazıntılar zamanı tapılmış unikal tarixi eksponatlar barəsində məlumat verilib. Qonaqlar sərginin milli musiqi alətləri bölməsini və burada ud, tar, kamança və s. milli musiqi alətlərinin səsini dinləmək imkanını maraqla qarşılayıblar.
Uruqvay parlamentinin sədri Herman Kardosonun başçılıq etdiyi nümayəndə heyəti Mərkəzdə yaradılmış "Mini Azərbaycan" sərgisi ilə də tanış olub. Bu sərgidə qonaqlar Azərbaycanın tarixi və arxitektur binalarının maketi vasitəsi ilə Azərbaycanın zəngin memarlıq nümunələrini görmək imkanı əldə ediblər.
Xatirə kitabını imzalayan Uruqvay parlamentinin sədri Herman Kardoso Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan məmnunluğunu bildirib. "Mənim belə gözəl Mərkəzi görmək imkanım oldu. Burada Azərbaycanın qədim tarixi və müasir mədəniyyəti, inkişafı ilə tanış olmaq mümkündür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkənin inkişafı üçün etdiklərini görmək imkanı əldə etməyimdən çox məmnunam." - deyə Herman Kardoso bildirib.