Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İzzət/
Əcnəbi vətəndaşlar burada fəaliyyət göstərmək istəyirlərsə, Azərbaycan qanunlarına əməl etməlidirlər. Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə keçirdiyi görüşdə bildirib.
Nəbiyevin sözlərinə görə, son illər Azərbaycana gələn əcnəbi vətəndaşların sayı artıb: "2012-ci ildə 633 müəssisə və təşkilatlarda yoxlama aparılıb. Bunlardan 322-də qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olan miqrantlar aşkar edilib".
Nəbiyev deyib ki, xarici vətəndaşları işə cəlb edən təşkilatlar mütləq müvafiq icazə almalıdırlar.
Onun sözlərinə görə, 2011-ci ildə xarici əmək miqrantları üçün kvota 11 900 idisə, 2012-ci ildə bu rəqəm 12 min olub.
Kvotanın tətbiq olunmasında məqsəd, ilk növbədə, Azərbaycan vətəndaşlarının işlə təminini reallaşdırmaqdır: "İlk növbədə, Azərbaycan vətəndaşlarını işlə təmin etmək lazımdır. Bundan sonra bəzi xüsusi ixtisaslar istisna olmaqla xarici vətəndaşlar işə cəlb oluna bilər. Kvotanın da müəyyən edilməsinin məqsədi budur".