Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/
Gələn il Azərbaycanda orta məktəb şagirdləri üçün dərsliklərin yeni texnologiya ilə hazırlanması nəzərdə tutulur.
Trend-in məlumatına görə, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib ki, hazırkı praktikaya əsasən, dərsliklər, xüsusilə yeni kurrikulum əsasında hazırlanan dərsliklər çapı tədris ilinin başlanmasına çox qısa bir müddət qalmış təhvil verilir. O, buna misal kimi növbəti tədris ili üçün nəzərdə tutulmuş 6-cı sinif dərsliklərinin hazırlanması prosesinin hələ də davam etdiyini göstərib: "Təbii olaraq dərsliklərin belə bir qısa müddət ərzində hazırlanması, ilk növbədə müəllimlər üçün tədris prosesində çətinliklər yaradır. Onlar yeni dərsliklərlə tanış olmaq üçün kifayət qədər vaxt əldə etmirlər. Bunun nəticəsində istənilən texniki və digər mexaniki səhvlərin aradan qaldırılması üçün demək olar ki, kifayət qədər vaxt qalmır. Ona görə də biz hesab edirik ki, bu təcrübə dəyişilməlidir".
Nazir bildirib ki, orta məktəb dərsliklərinin hazırlanması prosesində texnoloji dəyişikliklər baş verəcək. M.Cabbarovun sözlərinə görə, dərsliklərin hazırlanması ən azı bir tədris ilində başa çatmalıdır. Həmin dərsliklər əvvəlcə müəyyən pilot məktəblər və siniflərdə bir il sınaqdan keçirilməlidir. Bunun nəticəsində dərslik hazırlanması ilə məşğul olan mütəxəssislərin işi mükəmməl səviyyədə, müvafiq zaman ərzində, vaxt məhdudiyyəti olmadan keyfiyyətli həyata keçirilər. Amma nazir hesab edir ki, bu, vaxt tələb edəcək:"Təbii olaraq, bu tədris ilində onun reallaşması qeyri-mümkündür. Çünki artıq cari ilinin tədris ilinin sonudur. Amma gələcəkdə, 2014-cü tədris ilinin əvvəlindən biz bu prosesi tətbiq etmək niyyətindəyik".