Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul - Milli Mətbuatın yaranmasının 138-ci ildönümü ilə əlaqədar keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi elan edir.
Fonddan Trend-ə verilən məlumata görə, müsabiqə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq 15 istiqamət üzrə elan edilir.
Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Yazı Fond tərəfindən elan edilmiş istiqamətin birinə uyğun olmalıdır (dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır). Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.
İnformasiya agentliklərində və region mətbuatında çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etməlidirlər.
Yazıların qəbulu mayın 31-də başlayır, iyulun 10-da başa çatır.