...

İyulda Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcədən yüksək ola bilər

Cəmiyyət Materials 9 İyul 2013 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin iyul ayında Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində 40 dərəcədən yüksək temperatur qeydə alına bilər. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, bu ilin iyul ayında temperaturun iqlim normasına yaxın olacağı gözlənilir. Ay ərzində Azərbaycanda ayrı-ayrı günlərdə qısamüddətli isti havaların olacağı gözlənilsə də, kəskin istilər gözlənilmir: "Ümumiyyətlə, Azərbaycanda ən isti ay iyuldur. Ən yüksək temperaturlar da iyulda qeydə alınır. İyulda Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində 40 dərəcədən yüksək temperatur qeydə alına bilər".

A.Verdiyev bildirib ki, son illərdə iyulda respublika üzrə ən yüksək temperatur 2010 və 2011-ci illərdə qeydə alınıb. Həmin illərdə Bakı və Abşeron yarımadasında maksimal temperatur 40-42 dərəcə olub. Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində 44-45, dağlıq rayonlarda isə 37 dərəcə isti qeydə alınıb.

Baş hidroloq bu il belə istilərin gözlənilmədiyini də söyləyib.

O, qeyd edib ki, bu il iyunda Bakı və Abşeron yarımadasında ən yüksək temperatur Maştağada qeydə alınıb - 37,5 dərəcə isti.

A.Verdiyevin sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu ilin iyun ayında elə də çox isti havalar müşahidə edilməyib. Havanın orta aylıq temperaturu iqlim normasıya yaxın və bir qədər yüksək olub. Ümumilikdə bu ilin iyun ayında ölkə üzrə ən yüksək temperatur 38,6 dərəcə isti olmaqla Hacıqabulda (Qazıməmməd) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti