...

Azərbaycanda IV ekoloji yay məktəbi öz işinə başlayıb

Cəmiyyət Materials 11 İyul 2013 12:45 (UTC +04:00)
Əhalinin istehlak səviyyəsinin artması, yüksək yaşam standartları və həyat tərzinin dəyişməsi ilə əlaqədar olaraq 2050-ci ildə dünya üzrə tullantıların həcmi illik 27 milyard ton təşkil edəcəkdir.
Azərbaycanda IV ekoloji yay məktəbi öz işinə başlayıb

Azərbaycan, Bakı, 11 iyul/Trend/

Əhalinin istehlak səviyyəsinin artması, yüksək yaşam standartları və həyat tərzinin dəyişməsi ilə əlaqədar olaraq 2050-ci ildə dünya üzrə tullantıların həcmi illik 27 milyard ton təşkil edəcəkdir. Bu səbəbdən tullantıların idarəolunması Avropa ölkələrində olduğu kimi Azərbaycanda da diqqət mərkəzində duran əsas məsələlərdəndir. Bu məqsədlə "Təmiz Şəhər" ASC tərəfindən gənc nəslin bu sahədə biliklərinin artırılması və mütəxəssislərin yetişdirilməsinə böyük diqqət yetirilir. ASC tərəfindən ənənəvi olaraq hər il gənclər üçün yay məktəbləri təşkil olunur. Yay məktəbləri tullantıların idarəolunması sahəsində gənclərin maarifləndirilməsinə, gənclərin ekoloji mədəniyyətinin inkişaf etdirilməsinə və ictimaiyyəti ətraf mühitin birgə mühafizəsinə yönəltməyə xidmət edir.

2010-cu ildən etibarən Quba, Şəki, Lənkəran şəhərlərində keçirilən yay məktəblərinin davamı olan dördüncü "Təmiz şəhər naminə" yay məktəbi Heydər Əliyev Fondunun dəstəyi ilə bu il 11-15 iyul tarixlərində Mingəçevir şəhərində keçirilir.

50 nəfər tələbənin qatıldığı "Təmiz şəhər naminə" tələbələr üçün yay məktəbi təlim-tədris və mədəni-idman hissələrindən ibarət olacaq. Təlim-tədris hissəsində ekologiya və tullantıların idarəolunması sahəsində yerli mütəxəssislər tərəfindən mühazirələr deyiləcək və ictimai debatlar şəklində davam etdiriləcək. Təlimdə tullantıların idarəolunması, ətraf mühitin mühafizəsi və "yaşıl düşüncə" kimi maarifləndirici sessiyalarla yanaşı natiqlik və debat formatı üzrə praktiki kurslar keçiriləcək. Gənclərin asudə vaxtlarını maraqlı keçirmələri üçün kursun mədəni-idman hissəsində müxtəlif intellektual və idman oyunları təşkil olunacaq.

Yay məktəbi "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirləcək.

Qeyd etmək lazımdır ki, hər il gənclər tərəfindən böyük maraq göstərilən yay məktəbləri ölkəmizin gözəl guşələrində təşkil olunur və bu günə kimi həyata keçirilən məktəblərdə ümumi olaraq 200-dən artıq gənc iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti