Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda mineral suların istehsalı ilə bağlı mövcud standartlara dəyişiklik edilməsi nəzərdə tutulur. Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.
Onun sözlərinə görə, mineral suların onların çıxdığı mənbənin yaxınlığında qablaşdırılması üçün mövcud standartlara dəyişlik edilməsi nəzərdə tutulur. Bu məsələ yaxın zamanlarda komitə tərəfindən gündəmə gətiriləcək.
F.Talıblı deyib ki, mineral suların istehsal yeri mineral suların çıxdığı mənbələrin yaxınlığında yaradılmalıdır. Mineral sular su mənbəyinin yaxınlığında qablaşdırılmalı, sonra satılmalıdır: "Bununla bağlı standartlara dəyişiklik etmək fikrimiz var. Sisternlərlə gələn suyun mineralları təmiz çənlərin divarlarına hopur. Bu da suyun dəyişməsinə gətirib çıxarır. Buna görə də belə bir məsələni gündəmə gətirmək istəyirik".
Komitə rəsmisinin sözlərinə görə, standartlara edilən bu dəyişiklik mineral su satanların sayının azalmasına da gətirib çıxarar. Bu halda hər kəs mineral su satışı ilə məşğul ola bilməyəcək.
F.Talıblı qeyd edib ki, Azərbaycanın təbii nemətlərindən istehlakçıların sağlamlığının qorunması şərti ilə istifadə etmək olar: "Gədəbəyin hansısa kəndindən çıxan bulaq suyunun adı mənimsənilib, ondan 1-2 vedrə su götürüb qalanı adi su ilə qarışdırılaraq istehakçıya satılırsa, bu, istehlakçının hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu hal inzibati məsuliyyət tələb edir və sahibkar buna görə hətta cinayət məsuliyyəti də daşıyır".