Azərbaycan, Bakı, 23 iyul / Trend müxbir M.Əliyev/
Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan bir sıra gənc fəallar, o cümlədən Zaur Qurbanlı, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli, Rəşadət Axundov, Şahin Novruzlu, Rəşad Həsənov, Yadigar Sadıqov və başqaları ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Ombusman Aparatından bildirilib.
Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən baş tutan görüş zamanı Ombudsmanın nümayəndələri saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.
Qəbul edilmiş şəxslər təkbətək görüş zamanı saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı hər hansı narazılıqlarını bildirməyiblər.
Eyni zamanda, anasının müraciətini nəzərə alaraq, Zaur Qurbanlının səhhəti ilə əlaqədar istintaq təcridxanasının Tibbi-sanitar hissəsinin rəisi ilə söhbət aparılıb. Qurbanlı barədə tibbi arayış alınıb, onun BİT-də saxlanıldığı müddət ərzində kompleks tibbi müayinələrdən keçirildiyi, həkim nəzarətində saxlanıldığı, vəziyyətinin sabit olaraq kafi olduğu, hər-hansı bir digər müayinə və müalicəyə ehtiyacı olmadığı məlum olub.
Bununla yanaşı, Ombudsman Qurbanlının səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisinə müraciət edib. Məlum olub ki, dəfələrlə müraciət edən Qurbanlı Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitunda müayinə edilib, ultrasəs müayinəsindən keçirilib, qan nümunələri alınmış və analizləri keçirilib. Nəticədə onun əsas qan göstəricilərinin və dalağının normada olduğu müəyyən edilmiş və ona "Betta-talassemiya geninin daşıyıcılığı" diaqnozu təyin edilib.
Tibb baş idarəsi tərəfindən Qurbanlının səhhətinin mövcud tibbi təlimata uyğun olaraq vaxtaşırı müayinə və nəzarətdə olacağı bildirilib.
Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.