Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir M.Əliyev/
Kürdəmir-Yevlax avtomobil yolunda görüləcək növbəti işlərin gedişi barədə məlumat açıqlanıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, Kürdəmir-Yevlax avtomobil yolunun 4 zolaga genişləndirilməsi layihəsi çərçivəsində hazırda ərazi boyu kommunikasiyaların köçürülməsi, suötürücü qurğuların, yeraltı keçidlərin, körpülərin tikintisi ilə yanaşı, asfalt örtüyünün salınması və torpaq işləri davam etdirilir.
Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun tərkib hissəsi olan bu layihənin həyata keçirilməsində məqsəd nəqliyyatın sürətli və təhlükəsiz hərəkətini təmin etməkdir.
Layihə 503 km uzunluqda olan Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 200-cü km-dən başlayaraq 288-ci km-də başa çatır.
Yolun yenidən qurulan hissəsinin ümumi uzunluğu 88 km-dir.
Layihə üzrə Kürdəmir-Ucar, Ucar-Yevlax avtomobil yollarına paralel yeni əlavə iki hərəkət zolağının inşası nəzərdə tutulub.