...

Azərbaycanlı gənclər Yunanıstanda Beynəlxalq Olimpiya Akademiyasında təhsil alacaqlar

Cəmiyyət Materials 31 İyul 2013 13:25 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Beynəlxalq Olimpiya Akademiyası arasında Olimpiya təhsili sahəsində əməkdaşlıq haqqında razılıq əldə edilib.
Azərbaycanlı gənclər Yunanıstanda Beynəlxalq Olimpiya Akademiyasında təhsil alacaqlar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 31 iyul / Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Beynəlxalq Olimpiya Akademiyası arasında Olimpiya təhsili sahəsində əməkdaşlıq haqqında razılıq əldə edilib.

Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyindən çərşənbə günü bildirilib ki, həmin razılığa əsasən, avqustun 2-dən 13-dək Yunanıstanın Olimpiya şəhərində, Beynəlxalq Olimpiya Akademiyasında Azərbaycandan olan gənc məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün Olimpiya Yay Məktəbi təşkil ediləcək.

Bu məqsədlə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Respublika Olimpiya İdman Liseyinin, Uşaq-Gənclər İdman məktəblərinin məşqçi-müəllimləri, tələbə-gənclər təşkilatlarının fəal üzvləri arasında seçim aparılıb, ingilis və rus dillərini bilən namizədlərin siyahısı Beynəlxalq Olimpiya Akademiyasına təqdim olunub. Razılığa əsasən, tədbir zamanı mühazirələr və müzakirələr ingilis və rus dillərində aparılacaq.

Beynəlxalq Olimpiya Akademiyası tərəfindən Olimpiya Yay Məktəbində iştirak etmək üçün 40 nəfərə dəvət göndərilib.

İştirakçılar sabah Bakıdan Afinaya yola düşəcəklər. Səfər müddətində Beynəlxalq Olimpiya Akademiyasının prezidenti cənab İsidoros Kouvelos, direktoru Dionissis Qanqas, beynəlxalq şöbənin rəhbəri Antonia Borbatislou və digər rəsmi şəxslərlə görüşlər nəzərdə tutulub.

Bundan başqa müxtəlif ölkələrin tanınmış universitetlərindən mühazirəçi kimi dəvət olunmuş professor-müəllim heyəti ilə də görüşlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti