...

Rusiya jurnalında Azərbaycanda məişət tullantılarının idarə edilməsi sahəsində fəaliyyətdən bəhs edən məqalə dərc olunub

Cəmiyyət Materials 1 Avqust 2013 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Rusiyanın nüfuzlu "Bərk Məişət Tullantıları" adlı elmi-təcrübi jurnalında "Tullantıların idarəolunması: Bakının təcrübəsi" mövzusunda məqalə dərc edilib. "Təmiz Şəhər" ASC-dən cümə axşamı Trend-ə verilən məlumata görə, məqalədə Azərbaycanda, xüsusən də Bakıda ətraf mühitin mühafizəsi və tullantıların düzgün şəkildə idarəolunması işinin təşkili üzrə son illərdə görülən tədbirlər, həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumatlar öz əksini tapıb.

Məqalədə bildirilir ki, Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə dövlət başçısının "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Sərəncamına əsasən, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti 2009-cu ildən fəaliyyətə başlamış və Bakı şəhərində tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etmək işlərini həyata keçirir. Məqalədə Səhmdar Cəmiyyətin balansına verilmiş Balaxanı poliqonunun sanitariya və gigiyena normalarına cavab verən poliqona çevrilməsi məqsədilə görülən işlərdən geniş şəkildə bəhs olunur.

Jurnalda, həmçinin tullantıların düzgün şəkildə zərərsizləşdirilməsi məqsədilə yaradılmış Bərk Məişət Tullantılarının Yandırılması Zavodu barədə geniş məlumat verilir. Qeyd olunur ki, dördüncü nəsil texnologiyaların tətbiqi ilə Avropa Birliyinin ətraf mühtinin mühafizəsi sahəsində ən sərt normativlərinə cavab verəcək şəkildə inşa olunmuş zavod istehsalat gücünə görə Şərqi Avropa və MDB məkanında ən iri bu tipli zavoddur.

Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu ilə bağlı məqalədə qeyd olunur ki, bu zavod təkrar emal sənayesinin inkişaf etdirilməsi məqsədilə inşa olunub. İllik gücü 200 min ton olan zavod ölkədə tullantıların çeşidlənməsi üzrə ilk pilot layihədir.

Məqalədə tullantıların çeşidlənmiş şəkildə toplanması işinin həyata keçirilməsi məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsi və İçərişəhər ərazisində reallaşdırılan layihələr haqqında məlumatlar da diqqətə çatdırılır və "yaşıl düşüncə" tərzinin inkişaf etdirilməsi istiqmətində keçirilən maarifləndirmə tədbirlərindən bəhs olunur.

MDB məkanında tullantıların idarəolunması sahəsində nüfuzlu nəşrlərdən olan "Bərk Məişət Tullantıları" jurnalı tullantıların toplanması, çeşidlənməsi, zərərsizləşdirilməsi, yandırılması və təkrar emalı üzrə mütəxəssislər, müvafiq dövlət qurumları üçün nəzərdə tutulmuşdur. Jurnalın hər nömrəsində müxtəlif dünya ölkələrinin təcrübəsindən bəhs edən məqalələr nəşr edilir. Jurnalda dərc olunan materiallar elmi-tədqiqat institutlarının aparıcı əməkdaşları, tullantılarla rəftar üzrə nəzarət və idarəetmə işlərini həyata keçirən müəssisə və dövlət nümayəndələri tərəfindən hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti