...

Gənclər Fondu növbəti qrant müsabiqəsinə yekun vurdu (FOTO)

Cəmiyyət Materials 5 Sentyabr 2013 17:32 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Gənclər Fondu növbəti qrant müsabiqəsinə yekun vurdu (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə Fondun 2013-cü il iyunun 24-də elan etdiyi üçüncü qrant müsabiqəsinin yekunları, maliyyə dəstəyinin göstərilməsi haqqında yeni müqavilə formasının təsdiq olunması və cari məsələlər daxil edilib.

Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şura sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov iyunun 27-dən avqustun 12-dək gənclər təşkilatları və gənc vətəndaşlar tərəfindən Fonda təqdim edilmiş layihələr haqqında ümumi məlumat verib, bəzi statistik göstəriciləri Şura üzvlərinin diqqətinə çatdırıb. Müzakirələr nəticəsində Müşahidə Şurası "A" kateqoriyası (yerli layihələr) üzrə 139, "B" kateqoriyası (beynəlxalq layihələr) üzrə 9, "C" kateqoriyası (fərdi layihələr) üzrə 182 layihənin (cəmi 330 layihə) maliyyələşdirilməsi barədə qərar qəbul edib. Qeyd edilib ki, üçüncü qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulan layihələrin sayı əvvəlki müsabiqə ilə müqayisədə təxminən iki dəfə artıb.

Qrant müsabiqəsinin yekunları sentyabrın 7-də Gənclər Fondunun saytında yerləşdiriləcək.

Daha sonra Fondun icraçı direktoru Fərhad Hacıyev maliyyə dəstəyinin göstərilməsi haqqında yeni müqavilə formasını Şura üzvlərinin diqqətinə çatdırıb. Bildirilib ki, yeni müqavilə forması Fond və qrant alan resipiyentlər arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayacaq.

İclasda xari məsələlər sırasında Fondun fəaliyyətinə aid bir sıra təklif və qeydlər nəzərə alınıb. Müzakirə edilən bütün məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti