...

Nazir müavini: Təhsil sistemində sui-istifadə halları həmişə olacaq

Cəmiyyət Materials 3 Oktyabr 2013 14:29 (UTC +04:00)
Təhsil sistemində sui-istifadə halları həmişə olacaq. Bizim əsas işimiz odur ki, belə halların baş verməsinə yol verməyək.
Nazir müavini: Təhsil sistemində sui-istifadə halları həmişə olacaq

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Təhsil sistemində sui-istifadə halları həmişə olacaq. Bizim əsas işimiz odur ki, belə halların baş verməsinə yol verməyək. Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov VII Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təhsil sahəsində bir çox istiqamətlər üzrə neqativ hallar olub. Belə hallar indi də var: "Sadəlöhvlük olardı ki, Təhsil Nazirliyi belə neqativ halları yaxın 2-3 ay ərzində aradan qaldıra biləcəyini desin. Təhsil naziri dəfələrlə bildirib ki, təhsi sektorunda bütün neqativ hallarla bağlı mübarizə aparacaq. Bu prosesə artıq start verilib".

Nazir müavini, həmçinin təhsil müəssisələrində müəllimlərin işə gəlməməsi və yaxud digər neqativ hallarla bağlı məlumatı olan adamları Təhsil Nazirliyinə məlumat verməyə cağırıb.

Onun sözlərinə görə, belə neqativ hallar barədə media da Təhsil Nazirliyinə məlumat verə bilər: "Söz verirəm ki, bütün neqativ hallarla bağlı nazirliyə daxil olan məlumatlar araşdırılacaq və qısa zaman ərzində həll ediləcək. Mən bir məqamı da deyə bilərəm ki, artıq may ayından etibarən belə əsaslı müraciətlər əsasında Təhsil Nazirliyi tərəfindən bir neçə qərar qəbul edilib, bir sıra məktəblərdə müəllim və məktəb direktorları vəzifələrindən azad edliblər".

C.Bayramov Təhsil Nazirliyinə daxil olan anonim xarakterli müraciətləri araşdıra bilmədiklərini də deyib. O qeyd edib ki, bəzən müraciətlər qeyri-dəqiq olduğundan qərar verməyə əsas tapılmır.

Nazir müavinin sözlərinə görə, hazırda Azərbaycanın təhsil sisteminin əhatə dairəsi-tələbə, şagird, müəllim və s. ilə birlikdə 1,6 milyon nəfərə yaxındır. Təhsil Nazirliyinin Mərkəzi Aparatının işçilərinin sayı isə 147 nəfərdir: "Bu işdə vətəndaşlar bizə kömək etməlidirlər. Bəzi hallarda müraciət edən tərəflə qarşı tərəf arasında sövdələşmə aparılır. Vətəndaşlar hesab etsələr ki, Təhsil Nazirliyinə yeni təyinatlar olub, onların problemləri özbaşına həll olunacaq, onda belə neqativ halların aradan götürülməsi mümkün olmaz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti