...

Ümumdünya Gömrük Təşkilatı Bakıda ticarət strategiyasına nəzarət üzrə regional seminar keçirir (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2013 13:57 (UTC +04:00)
Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT)Bakıdakı Regional Ofisində ticarət strategiyasına nəzarət üzrə regional seminar öz işinə başlayıb.
Ümumdünya Gömrük Təşkilatı Bakıda ticarət strategiyasına nəzarət üzrə regional seminar keçirir (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İ.İzzət/

Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıdakı Regional Ofisində ticarət strategiyasına nəzarət üzrə regional seminar öz işinə başlayıb. Seminarda 32 ölkədən 36 nümayəndə iştirak edir.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, tədbiri açan ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Vitali Mikeladze bildirib ki, strateji əmtəə növləri üzərində nəzarət mövzusunda keçirilən bu seminar mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, seminarın təşkilində əsas məqsəd ikili istifadəyə aid edilən əmtəə növlərinin daha dəqiq təsnifatını müəyyənləşdirməkdən ibarətdir. Yəni, eyni əmtəə növündən həm partladıcı maddə və ya kimyəvi silah hazırlanmasında, həm də mülki məqsədlər üçün istifadə etmək mümkündür.

O qeyd edib ki, seminarda iştirakçılara məhz belə əmtəə növlərinin müəyyən edilməsi ilə bağlı təcrübə və biliklər çatdırılacaq. Bu barədə ÜGT-nin nümayəndələri və ABŞ-dan olan təlimatçı və ekspertlərin mühazirələri dinləniləcək. Bundan əlavə, seminar iştirakçıları da əldə etdikləri təcrübəni bölüşəcəklər.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev qeyd edib ki, Azərbaycan Gömrük Xidməti 1995-ci ildən Ümumdünya Gömrük Təşkilatı ilə sıx əməkdaşlıq edir və bu sahədə artıq bir sıra mühüm uğurlar qazanılıb. Komitə sədri tədbirin seminar iştirakçıları olan ölkələrin iqtisadi inkişafı və təhlükəsizliyi baxımından, həmçinin ümumbəşəri bəla olan narkotiklərə qarşı mübarizənin mütəşəkkil və birgə əməkdaşlıq əlaqələri zəminində aparılmasında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Aydın Əliyevin fikrincə, müasir qloballaşan dünyada güclü iqtisadiyyata malik olmaq üçün gömrük infrastrukturunun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi də mühüm rol oynayır. Bu baxımdan gömrük sahəsində elmi və praktiki biliklərə nail olunması, təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilməlidir.

Seminarda "Strateji mallar anlayışı və əhəmiyyəti", "Dövlətin strateji ticarətinə beynəlxalq hüququ çərçivə", "Ticarət strategiyasına nəzarətdə gömrüyün rolu" və digər mövzularda məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Seminar oktyabrın 17-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti