Azərbaycan, Bakı, 24 oktyabr /Trend müxbir M.Əliyev/
Azərbaycan və Türkiyə gömrük sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyənin Emniyet Genel müdiri Mehmet Kılıçların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
S.Mehdiyev görüşdə iki qardaş ölkənin gömrük qurumları arasında əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib. Belə ki, komitə sədrinin birinci müavini Azərbaycan Gömrük Xidmətində qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində Türkiyə təcrübəsinin tətbiqinin bu sahəyə müsbət təsirindən danışıb, bu istiqamətdə qardaş ölkənin həm gömrük orqanları, həm də əmniyyət müdirliyi ilə qarşılıqlı əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsinin, həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini bildirib.
Görüşdə M.Kılıçlar iqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edərək iki ölkənin uyğun qurumları arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.
Türkiyəli qonaq, eyni zamanda, qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində hər iki ölkənin uyğun qurumlarının qarşılıqlı fəaliyyətinin vacibliyinə diqqəti yönəldib, birgə əməkdaşlığın gələcək perspektivlərindən söhbət açıb.
Görüşdən sonra qonaqlar Dövlət Gömrük Komitəsində "Hədəf" Mərkəzinə baxış keçiriblər. Sonra Türkiyənin Emniyet Genel müdiri M.Kılıçların rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Gömrük Təşkilatının Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində olub, ofisin üstün imkanlarından, texniki təchizatından razılıqlarını bildiriblər.