...

Əmək və əhalinin sosial müdafiəsi naziri Qax rayonunda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2013 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Bu gün Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qax rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında həmin rayonun və Oğuz, Qəbələ, Şəki, Balakən və Zaqatala rayonlarının sakinləri üçün qəbul keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "Açıq qapı" şəraitində keçirilən qəbul zamanı ümumilikdə 70 nəfərdən çox vətəndaş qəbul edilib. Müraciətlərdə əksini tapan məsələlər daha çox ünvanlı dövlət sosial yardımlarının təyinatı və əlillik dərəcələrinin verilməsi, mənzil, maşın və reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğun təminatı və s. məsələlərlə bağlı olub.

Hər bir müraciətə diqqət və həssaslıqla yanaşılaraq, insanlara bu və ya digər problemlərinin həll olunmasında köməklik göstərilməsi diqqətdə saxlanılıb. Müraciətlərin bir qismində qaldırılan məsələlər elə yerindəcə həll olunub və iki nəfər imtiyazlı vətəndaşın ailələrinin mənzil şəraitinin ağırlığı nəzərə alınaraq onlar üçün fərdi evin inşa etdirilməsi, üç nəfərin xaricdə müalicəsinin təşkilinə köməklik göstərilməsi qərara alınıb, müraciətlərinə uyğun olaraq üç nəfər əlilliyi olan şəxs əlil arabası ilə təmin olunub.

Həmçinin ayrı-ayrı vətəndaşların təmsil etdikləri ailələrin maddi durumu və yardıma ehtiyac duyduqları nəzərə alınaraq onlara ünvanlı dövlət sosial yardımının təyin olunması, bir sıra şəxslərin xəstəlik vəziyyətlərinin ətraflı müayinə edilməklə onların əlilliyinin müəyyənləşdirilməsi, işsiz vətəndaşların münasib işlərlə təmin edilməsi üçün onlara bütün mümkün köməkliklərin göstərilməsi tapşırılıb.

Digər müraciətlərdə qaldırılan məsələlərin obyektiv və ədalətli şəkildə araşdırılaraq konkret tədbirlər görülməsi və nəticəsi barədə nazirliyin rəhbərliyinə və vətəndaşlara məlumat verilməsi barədə aidiyyəti strukturların rəhbərlərinə göstəriş verilib.

Ayrı-ayrı vətəndaşların müraciətləri dinlənilərkən onların müvafiq qanunvericilik barədə məlumatsız olduqları da müəyyən edilərək onlarla hüquqi izahat işi aparılıb.

Qəbul zamanı yerli strukturların əməkdaşları tərəfindən bəzən vətəndaş müraciətlərinə laqeyd və səhlənkar münasibət göstərilməsi, süründürməçilik hallarına yol verilməsi səbəbindən vətəndaşlarda haqlı narazılıqların yarandığı da aydın olub.

Nazir S.Müslümov belə hallara yol verən əməkdaşlarla bağlı intizam tədbirlərinin görülməsi barədə müvafiq strukturlara tapşırıqlar verib.

Ayrı-ayrı vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qeyd edək ki, Qax rayonunda keçirilən qəbul haqqında əvvəlcədən KİV vasitəsilə ictimaiyyətə məlumatlar verilib və müraciət etmək istəyən vətəndaşların qeydiyyatı aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti