...

Əflatun Amaşov Azərbaycan jurnalistikasının problemlərindən danışdı

Cəmiyyət Materials 22 Noyabr 2013 15:32 (UTC +04:00)
Sərlövhələrin yazıları ehtiva etməməsi Azərbaycan jurnalistikasında çox ciddi problem olaraq qalır. Bu barədə Trend-ə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.
Əflatun Amaşov Azərbaycan jurnalistikasının problemlərindən danışdı

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.Mehdiyev/

Sərlövhələrin yazıları ehtiva etməməsi Azərbaycan jurnalistikasında çox ciddi problem olaraq qalır. Bu barədə Trend-ə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov hesab edir ki, bu problemlər də müəyyən səbəblərdən yaranır: "Ya jurnalist peşəkar olmur, yaxud jurnalist yazını redaksiyaua verir, redaksiyada ayrı-ayrı insanlar yazını tam oxumadan düzəliş aparırlar və yaxud da çalışırlar ki, hər hansı bir qərəzli başlıq olsun".

O, qeyd edib ki, Sovet dövründə redaksiyalarda xüsusi şöbələr var idi ki, onlar yalnız yazının sərlövhəsi üzərində işləyirdilər: "Yazılar həmin şöbəyə göndərilirdi, orada yazılar diqqətlə oxunurdu və yazıya ümumi bir başlıq seçirdilər ki, yazıda göstərilən fikirləri ehtiva etsin. Lakin bu gün bu məsələ Azərbaycan jurnalistikasında çox ciddi problem olaraq qalır".

MŞ sədri deyib ki, bəzi ölkələrdə jurnalist diplomu olmayanlar jurnalistika sahəsində çalışmırlar: "Hazırda Azərbaycanda jurnalistika elə bir sahədir ki, əlində qələm olan, istedadı olan digər insanlar bu və ya digər məsələlərlə bağlı yazılar yazırlar, lakin onların bəzilərinin heç humanitar sahədə ixtisasları, jurnalistikanın nəzəriyyəsindən xəbərləri yoxdur. Bütün bunların hamısı Azərbaycan jurnalistikasında kadr hazırlama siyasətində müəyyən problemlərin yaranmasına gətirib çıxardı".

Ə.Amaşovun sözlərinə görə, ancaq bu o demək deyil ki, jurnalist ixtisası olmayan insanlardan jurnalist ola bilməz. Onun sözlərinə görə, Azərbaycanda elə jurnalistlər var ki, onların ixtisasları tamam başqa sahədir, ancaq onlar Azərbaycan jurnalistikasına kifayət qədər töhfə vermiş insanlardır.

Şura sədri əlavə edib ki, müstəqillikdən sonra Azərbaycan jurnalistikası böyük bir keçid dövrü yaşadı, yəni totalitar jurnalistikadan müstəqil jurnalistikaya keçdi ki, bu da müəyyən problemlər yaratdı: "Çünki bir qrup Sovet dövründə təhsil almış, jurnalist işləmiş insanlar idi, ali məktəblərdə bir sıra çətinliklər oldu, müəllim, dərslik, proqram problemi yarandı. Bunların hamısı beynəlxalq standartlara cavab verə bilən kadrların hazırlanmasında müəyyən problemlər yaratdı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti