...

Gəncə ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edirlər

Cəmiyyət Materials 13 Dekabr 2013 12:00 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu il dönümündə Gəncə ictimaiyyətinin nümayəndələri ulu öndərin xatirəsini böyük hörmət və ehtiramla yad edirlər.
Gəncə ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edirlər

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu il dönümündə Gəncə ictimaiyyətinin nümayəndələri ulu öndərin xatirəsini böyük hörmət və ehtiramla yad edirlər.

Haqif Həmzəyev, YAP Gəncə şəhər Təşkilatının sədri:

"Ulu öndərimiz Heydər Əliyevin adı müstəqil Azərbaycanla birgə çəkilir. Öz xalqına arxalanan, öz xalqının müstəqilliyi uğrunda canını belə fəda etməyə hazır olan ümummilli liderimiz Azərbaycan adlı dövlətin müstəqillik tarixinin yaradıcısı kimi xalqın etimadını doğrultdu. Xalqımızı da, dövlətimizi də nicat yoluna çıxardı. Tarix üçün çox qısa bir dönəmdə dövlətimizin müstəqilliyini əbədi etdi. Həyata keçirdiyi siyasət və genişmiqyaslı fəaliyyət öz bəhrəsini verdi. İctimai-siyasi, iqtisadi, mənəvi sahədəki tənəzzülün qarşısı alındı, inkişaf və tərəqqi başlandı. Respublikamız müstəqil bir dövlət kimi dünya birliyi ölkələri sırasında öz yerini tutdu. Beynəlxalq birlik Azərbaycanın güclü mövqeyi ilə hesablaşmağa başladı. Dünya azərbaycanlıları bir bayraq altında təşkilatlandı.

Nə qədər müstəqil Azərbaycanımız yaşayır, Azərbaycanla dahi Heydər Əliyevin adı qoşa çəkiləcək. Müstəqil Azərbaycan dövlətinin banisi, bu dövləti inkişaf və tərəqqi yoluna çıxaran bir tarixi şəxsiyyət kimi, tarixin özünü yaradan bir insan kimi gələcək nəsillər də daim onunla fəxr edəcəklər. Xalqımızın böyük oğlu milli qürurumuz olaraq daim qəlbimizdə yaşayacaqdır".

Siddiqə Məmmədova, Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun direktoru, akademik:

"Ulu öndərimizin çoxşaxəli fəaliyyəti əhəmiyyətinə və dəyərinə görə ölkəmizin hüdudlarını aşmış, dünyada gedən qlobal proseslərə öz təsirini göstərmişdir. O zəmanəmizin böyük mütəfəkkiri və filosofu olaraq, azərbaycançılıq fəlsəfəsini formalaşdırır və inkişaf etdirirdi. Məhz bu fəlsəfə Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyənləşdirmiş, milli dövlətçiliyimizin təməl prinsiplərini təşkil etmişdir. Dünya azərbaycanlılarının həmrəyliyinə və birliyinə nail olunmasında möhtərəm Heydər Əliyevin misilsiz xidmətləri vardır. O dünya azərbaycanlılarının müstəqil Azərbaycan ətrafında birləşməsi üçün yorulmadan çalışmış, bu istiqamətdə mühüm qərarlar qəbul etmişdir. Onun təşəbbüsü ilə dünya azərbaycanlılarının Bakıda keçirilmiş I qurultayı yaxın-uzaq ellərdə yaşayan soydaşlarımızın bir araya gətirilməsində müstəsna rol oynamışdır.

Dünya tarixi sübut edir ki, millətin gücü heç də sayca çoxluğunda deyil, həmrəyliyə, etnik-siyasi mütəşəkkilliyə hansı səviyyədə sahib olmasındadır. Həm okeanın o tayında və həm də Qərbin başqa şəhərlərində yaşayan həmyerlilərimiz imkanları daxilində doğma Vətənimizin üzləşdiyi taleyüklü problemlərin həllindən kənarda qalmır, müstəqil dövlətimizin inkişafında yaxından iştirak edirlər".

Xalid Qurbanov, Gəncə şəhər Ağsaqqallar Şurasının sədri, ADAU-nun professoru:

"Ulu öndərimiz Azərbaycanın bütün sahələrində quruculuğun, islahatların banisi olmuşdur: sənayenin yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, ordunun yaranması, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrində, dilimizin qorunmasında onun xidmətləri ölçüyəgəlməzdir. O elə bir rəhbər, elə bir prezident idi ki, heç kəs onun diqqətindən yayınmırdı: qadınlar və uşaqlar, ahıllar və gənclər, milli azlıqlar, müxtəlif dinlərə etiqad edənlər. Qısa bir müddətdə görkəmli dövlət xadimi Heydər Əliyev millətindən, dinindən, dilindən asılı olmayaraq, bütün insanların bərabər hüquqlu olmasına dair xüsusi fərmanlar imzaladı. Minlərlə gəncimiz başqa ölkələrə təhsil almaq üçün göndərildi ki, bu gün onlar Azərbaycanın müxtəlif sahələrində rəhbər vəzifələrdə çalışırlar. Bir çox ölkələrdə böyük dövlətlərin başçıları başqa prezidentin yox, məhz Heydər Əliyevin görüşünə gəlirdilər. Onlar həm hörmətlərini bildirməyə, həm də ulu öndərimizdən öyrənməyə gəlirdilər. Bu görüşlərin şahidi olan xaricdə yaşayan soydaşlarımız sonsuz qürur hissi keçirir, ümummilli lider missiyasını şərəflə yerinə yetirən Heydər Əliyev kimi rəhbərləri olduğundan fərəh duyurdular.

Bizim üçün bərqərar etdiyi əmin-amanlığa, azad və demokratik bir cəmiyyət qurduğuna, dünya azərbaycanlılarını bir araya gətirib sıx birlik və həmrəyliyin əsasını qoyduğuna görə bu gün bütün Azərbaycan xalqı böyük şəxsiyyətə minnətdardır".

Yusif Yusibov, Gəncə Dövlət Universitetinin prorektoru:

"Ümummilli liderimiz Heydər Əliyev siyasi fəaliyyətinə, ağlına, zəkasına, uzaqgörənliyinə, düşüncə və əməllərinə görə XX yüzilliyin adamı adına layiq görülmüşdür. Heydər Əliyev siyasi məktəbinin davamçısı, Azərbaycanın xoş gələcəyini düşünən, Heydər Əliyevin arzu və ideyalarını həyata keçirən, Azərbaycan deyilən kiçik bir məmləkəti bütün dünyaya tanıdan, dünya siyasətində aparıcı rol oynayan, nəhəng dövlətlərin bayraqları sırasında Azərbaycanın bayrağını ucaldan cənab İlham Əliyev XXI yüzilliyin görkəmli siyasətçisidir. Cənab İlham Əliyevin bir siyasətçi kimi yetişməsi, apardığı siyasətin çevik, ağıllı, diqqətli və uzaqgörənliyi həqiqəti bəyan edən, püxtələşmiş siyasətçi ustalığı, bir daha onun ümummilli liderimizin siyasi məktəbinin yetirməsi olduğuna sübutdur. Biz məmləkətimizi idarə edən, onun inkişafını gündən-günə müasir tələblərə, beynəlxalq standartlara uyğun formalaşdıran Prezidentimizlə fəxr edirik".

Gülsüm Fətəliyeva, YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurası idarə heyətinin üzvü:

"Bu gün milyonlarla insan ölkəmizin rəhbərinə böyük inamla baxır. Ona görə ki, o hər bir Azərbaycan vətəndaşının Prezidentdir. Həm də ona görə ki, dünya siyasətçiləri, nəhəng dövlət başçıları və Azərbaycan xalqı onun müdirik siyasətini, bütün keyfiyyətlərini yüksək səviyyədə dəyərləndirirlər.

Dahi Heydər Əliyevin Azərbaycan xalqının milli mənafeyinə əsaslanan diplomatiyası böyük siyasi mıktəbdir. Cənab İlham Əliyev bu məktəbin tərbiyəvi dəyərlərindən bəhrələnmişdir. Ölkə başçısı genişmiqyaslı fəaliyyətində ulu öndərimizimüdirik və zəngin siyasi kursunu layiqincə davam etdirir. Cənab İlham Əliyevin tərbiyə qaynaqlarının diapazonu geniş, əxlaqi intellektual təsir qüvvəsi unikaldır. Bu tərbiyənin şahı ümummilli liderimiz Heydər Əliyev və insanlığı, savadı, nəcibliyi ilə çoxlarının idealı olan Zərifə xanım Əliyevadır.

Cənab İlham Əliyevin siyasi fəaliyyətini bir çox nəhəng dövlətlərin rəhbərləri, siyasətçiləri yüksək qiymətləndirir, yetkin bir siyasətçi olduğunu təsdiq edirlər. Azərbaycanın inkişafı üçün imzaladığı dövlət əhəmiyyətli əhəmiyyətli sərəncamları və proqramları Azərbaycanın nüfuzunu yüksəldib, qudrətli dövlətlər sırasına catdırıb.

Biz-Yeni Azərbaycan Partiyasının üzvləri ulu öndərimizin siyası kursuna daim sadiqik".

Səbuhi Həsənov, ADAU-nun tələbəsi:

"Umummilli lider Heydər Əliyev ölkəmizin gələcəyi olan gənclərə xüsusi diqqət və qayğı göstərir, onların inkişafına, elm və təhsil yollarında uğurla addımlamalarına böyük önəm verirdi. Bu gün həmin ənənə dahi Heydər Əliyevin layiqli varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layıqıncə davam etdirilir. Müstəqil Azərbaycanın müasir gəncliyi yaradılan imkanlardan geniş istifadə edir, Vətənimizin tərəqqisi naminə bütün sahələrdə şərəfli işləri, uğurları ilə ölkəmizin nufuzunu daha da yüksəldirlər.

Şeyx Nizami yurdu Gəncənin gəncləri də inkişafın, quruculuğun ön sıralarındadırlar. "Gənclər paytaxtı" adını şərəflə daşıyan doğma şəhərimiz bu gün 2016 Avropa Gənclər paytaxtıdır. Biz bu uğurun qazanılmasında ulu öndərin zəngin siyası kursunu layiqincə həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarıq. Biz gənclər dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini daim uca tutacaq, onun zəngin irsini dərindən öyrənib təbliğ edəcək, gənclərin lideri cənab İlham Əliyevin ətrafinda sıx birlik nümayiş etdirəcək və dövlətciliyimizə sədaqətlə xidmət edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti