Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Bütün Abşeron yarımadasında Zirə və Pirallahı qəsəbələri uzunömürlülərin yaşaması üçün ən optimal yerdir. Bu nəticəyə Azərbaycan alimləri Abşeron yarımadasında 5 il ərzində apardıqları araşdırmalardan sonra gəliblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynovanın Trend-ə verdiyi məlumata görə, tədqiqatlar Abşeronun dağlıq hissəsindən - Xızı rayonundan başlamış sahilyanı ərazilərə - Pirallahı, Zirəyə qədər aparılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, Zirədə uzunömürlü insanlarla bağlı vəziyyət daha yaxşıdır. Oradakı uzunömürlülər heç bir xəstəlikdən, hətta qan təzyiqindən də şikayət etməyiblər. Digər ərazilərdəki uzunömürlülər isə əsasən yataq xəstəsi olublar.
Tədqiqatlar zamanı aydın olub ki, Balaxanıda insanlar heç 90 yaşadək də yaşaya bilmirlər. Buzovnadakı yaşlı insanlarda şəkər xəstəliyinə daha çox rast gəlinib: "Pirallahı və Zirə qəsəsəbi bütün Abşeron yarımadasında uzunömürlülərin yaşaması üçün ən optimal yer olsa da, qalan yerlərdə vəziyyət xoşagəlməzdir. Uzunömürlülük ekoloji göstəricidir, həm də bölgədə yayılan xəstəliyin indikatorudur. Əgər yaşlı insanda şəkər xəstəliyi çox çıxırsa, demək, həmin ərazidə bu xəstəlik geniş yayılıb. Tədqiq ediləndə də məlum oldu ki, Buzovnada ən geniş yayılmış xəstəlik şəkər xəstəliyidir. Qalan ərazilərdəki uzunömürlülərin də çoxu şəkər xəstələri idi, onların ağır xəstəlikləri vardı. Xızıdakı bütün uzunömürlülərin hamısı yataq xəstəsi olub".
Tədqiqat zamanı ümumilikdə bu qənaətə gəlinib ki, ekoloji faktorlarla əlaqədar Abşeron yarımadası uzunömürlülük üçün əlverişsiz yerdir. Abşeron yarımadasındakı uzunömürlü insanlar 95-100 yaşadək yaşaya bilmirlər. Onlar 92, 93 yaşda dünyasını dəyişirlər. Həmin şəxslərin də hamısı aktiv həyat tərzi sürmür, günlərini yorğan-döşəkdə keçirilər.
Qeyd edək ki, 90 yaşını keçmiş insan uzunömürlü hesab edilir. İndiyədək aparılan tədqiqatların nəticələrinə əsasən, Böyük Qafqazda uzunömürlülərin sayı 100-ə çatmır, Talış dağlarında və Kiçik Qafqazda isə yaşı 100-ü keçən uzunömürlülərin sayı çox olur.