Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda qısa müddətə hava şəraiti dəyişəcək. Martın 9-dan ölkə ərazisində nisbətən sabit və mülayim hava şəraiti bərqərar olacaq, havanın temperaturu tədricən yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 7-dən 8-i gündüzə kimi ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı rayonlarda hava yağıntılı olacaq. Dağlıq rayonlara qar yağacaq.
Martın 7-si gündüzdən martın 8-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal küləyi güclənəcək. Bununla əlaqədar martın 7-si axşamdan və martın 8-də havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə enəcək.
Bakıda və Abşeron yarımadasında martın 7-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir havanın yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimalı var. Havanın temperaturunun gecə 5-8, günün birinci yarısında 10-14, axşama doğru 5 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Martın 7-8-də Abşeron yarımadasında güclü xəzri küləyi və temperaturun əvvəlki günlə müqayisədə aşağı enməsi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, sonrakı 2 gün ərzində sabit hava şəraiti fonunda mülayim yaz havası əlverişli olacaq.
Azərbaycanın rayonlarında martın 7-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 12-17, dağlarda gecə və gündüz 3-6 dərəcə isti olacaq, temperatur axşam 0 dərəcəyə enəcək.